İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial medianın həyatımıza nüfuz etməsi insanlara söz və fikir azadlığından daha geniş istifadə imkanı yaradıb.
Bu platformalar hər kəsin səsini eşitdiyi bir məkana çevrilib. Amma bu “səs azadlığı” heç də sərhədsiz deyil. Hüquqi çərçivələr, etik normalar və ictimai məsuliyyət anlayışı bu sərhədlərin haradan keçdiyini müəyyənləşdirir. Bəs internetdə ifadə azadlığı harada başlayır və harada bitir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, ifadə azadlığı bir çox ölkələrin konstitusiyalarında və beynəlxalq hüquq sənədlərində qorunur. Məsələn, BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığı hüququna malik olduğunu bəyan edir. Lakin bu hüquq mütləq deyil. Cəmiyyətin rifahı, dövlətin təhlükəsizliyi və başqalarının hüquqları ifadə azadlığına müəyyən məhdudiyyətlər qoyulmasını zəruri edir.
Onun sözlərinə görə, sosial media platformaları istənilən fikri yayımlamaq üçün azad məkana çevrilsə də, bu azadlıq bəzi hallarda nifrət nitqi, böhtan, şər, zorakılığa çağırış, dövlət sirrinin yayılması və ya şəxsi həyatın toxunulmazlığının pozulması ilə nəticələnə bilər. Bu hallarda isə artıq məsələ hüquqi müstəviyə keçir:
"Bir çox ölkədə bu kimi hallarla bağlı qanunvericilik mövcuddur. Məsələn, böhtan və təhqir cinayət və ya inzibati məsuliyyətə səbəb ola bilər. Zorakılığa çağırış və ya terroru təşviq edən paylaşımlar isə daha ciddi hüquqi nəticələr doğura bilər".
Ayxan Məmmədli, hüquqşünas
Hüquqşünas onu da əlavə edib ki, internet istifadəçiləri üçün əsas çağırış bu azadlıq və məsuliyyət balansını qorumaqdır. “Mən fikrimi sərbəst ifadə edirəm” deyə bir paylaşımın kimisə təhqir etməyə, ya da kütləvi nifrətə səbəb olma ehtimalı varsa, bu artıq hüquqi və etik məsuliyyət yaradır. Xüsusilə jurnalistlər, ictimai xadimlər və təsir gücü olan sosial media istifadəçiləri üçün məsuliyyət daha yüksəkdir. Onların söylədikləri geniş auditoriyalara çatdığı üçün yanlış və ya təhlükəli məlumatların yayılması daha böyük fəsadlara səbəb ola bilər:
"Sosial media platformaları da bu məsuliyyəti bölüşməyə məcburdur. Son illərdə "Facebook", "X", "Instagram" və digər platformalar zərərli və qanunsuz məzmunların silinməsi, xəbərdarlıqların verilməsi və bəzi hallarda hesabların bağlanması kimi tədbirlər görürlər. Bununla belə, bu platformaların özləri də bəzən “senzura” ilə ittiham olunur. Bu da yeni bir sualı gündəmə gətirir: ifadə azadlığını qoruyarkən, sosial medianın özbaşına “hakim” kimi çıxış etməsi nə qədər doğrudur?"
Nəticə olaraq həmsöhbətimiz diqqətə çatdırıb ki, sosial media çağında ifadə azadlığı bəşəri bir dəyər olaraq qorunmalıdır. Amma bu azadlıq başqalarının hüquqlarına və ictimai sabitliyə zərər verməməlidir. İnternet istifadəçiləri özlərini ifadə etməkdə azad olduqları kimi, bu ifadələrin nəticələrinə görə də cavabdehdirlər. İnternet “qanunsuz zona” deyil və orada yazılan hər söz real dünyada olduğu kimi hüquqi məsuliyyət daşıya bilər.
Əli Hüseynov