RU

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə intellektual yarış 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib.

Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş təhsil işçiləri arasında intellektual yarış təşkil olunub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

İntellektual yarışda Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax, Tovuz, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarını təmsil edən eyni adlı komandalar iştirak ediblər.Tədbiri açıq elan etmək üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxış edib. O, çıxışında Azərbaycanın inkişafına həsr olunmuş ömrü və əvəzsiz xidmətləri ilə tarixdə əbədi iz qoymuş ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

Qeyd edib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyətin uğurlu daxili və xarici siyasəti ölkəmizin qüdrətlənməsinə, xalqın rifahına və dövlətçiliyin möhkəmlənməsinə yönəlmişdir. Vüqar Dadaşov çıxışında Heydər Əliyevin təhsilin və elmin inkişafına daim xüsusi önəm verdiyini vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

İki mərhələdən ibarət olan yarışda iştirakçılara ümumilikdə 20 sual təqdim olunub. Gərgin və maraqlı keçən yarışmanın yekununda ən çox suala düzgün cavab verən Gədəbəy rayonu komandası I yerə, Ağstafa rayonu komandası II yerə, Qazax rayonu komandası isə III yerə layiq görülüblər.Qalib komandalar Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Diplom və hədiyyələrlə təltif olunublar.Tədbir bədii hissə ilə davam etdirilib və sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Избранный
0
azedu.az

1Источники