RU

Tehranda Ulu Öndərin anadan olmasının 102-ci ildönümü anılıb

Bakı, 8 may, AZƏRTAC

Azərbaycanın İrandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev – Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin, bir sıra xarici ölkələrin İrandakı səfirləri və diplomatlarının, Tehranda yaşayan Azərbaycan vətəndaşlarının iştirak etdiyi tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə dair çıxışlar edilib, qısametrajlı videofilm nümayiş olunub.

Tədbirə xüsusi qonaq kimi dəvət edilmiş, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, 2000-ci illərin əvvəllərində İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış Əhəd Qəzai çıxışında Heydər Əliyevin hər zaman ictimaiyyət üçün açıq olan, İranla əməkdaşlığa xüsusi önəm verən və bir çox mühüm layihələrin təməlini qoymuş müdrik siyasətçi, eyni zamanda diplomatların da yaxın dostu və sirdaşı olduğunu bildirib, onunla keçirilən görüşlərindən və Azərbaycanda işlədiyi dövrlərdə Heydər Əliyevlə bağlı yaddaşında əbədi qalan xoş xatirələrindən danışıb.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Ulu Öndər Heydər Əliyevin gənc yaşlarından başlayaraq bütün dövrlərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıdığını, Azərbaycan dövləti və xalqını tarixin ağır və sərt sınaqlarından çıxardığını, müasir Azərbaycanın müstəqil dövlətçiliyinin, işıqlı gələcəyinin etibarlı bünövrəsini qoymuş dahi şəxsiyyət olduğunu bildirib.

Səfir 2025-ci ilin Azərbaycan Prezidentinin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu, keçirilən tədbirə “Heydər Əliyev – Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi” adının verilməsinin təsadüfi olmadığını bildirib. Qeyd olunub ki, Heydər Əliyevin təşəbbüsu və rəhbərliyi altında 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilib və ölkəmizdə qanunvericilik və institusional islahatların həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır.

Diplomat 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın İran ilə münasibətlərinin də yeni mərhələyə qədəm qoyduğunu və uğurla inkişaf etməyə başladığını vurğulayıb.

Səfir Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasını Ümummilli Lider Heydər Əliyevin strateji baxışlarının və müdrik siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurlu davamının nəticəsi olduğunu diqqətə çatdırıb.

Rəsmi hissədən sonra, tədbir mədəni proqramla davam edib.

 

Избранный
0
1
azertag.az

2Источники