RU

Biləsuvarda Heydər Əliyevə həsr olunmuş tədbir - Fotolar

Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev - Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar Rayon Təşkilatının və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfrans öncəsi tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib.

Konfransda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Murtəza Həsənov, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov çıxış edərək Heydər Əliyevin müdrik uzaqgörənliyindən, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasında tarixi xidmətlərindən və xalqımızın öz liderinin rəhbərliyi altında yeni inkişaf yoluna qədəm qoymasından söz açıblar.

Çıxış edənlər bildiriblər ki, cəmiyyətin gələcək inkişafı üçün, tamamilə yeni və demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılması zərurətə çevrilmişdi: “Ulu Öndər Heydər Əliyev belə mürəkkəb bir vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi. Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən hərtərəfli islahatlar öz mənbəyini məhz Əsas Qanundan götürüb”.

Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib. O, bildirib ki, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulur: “ Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb”.

Konfransda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Tədbir incəsənət ustalarının ifasında bədii hissə ilə davam etdirilib.









Избранный
0
qafqazinfo.az

1Источники