“Bizim də marağımızdadır ki, İsrail və Türkiyə arasında Suriyada hər hansı bir toqquşma baş verməsin. Ola bilsin ki, ümumiyyətlə, belə görüşlər vaxtaşırı Bakıda keçirilsin”.
Bunu “Yeni Sabah”a ında Beynəlxalq Münasibətlərinin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev həmin mərkəzin baş məsləhətçisi Mətin Məmmədli Bakıda Türkiyə və İsrail məxfi xidmət təmsilçilərinin gizli görüşünü şərh ediblər.
Görüş sayca ikincidir. Bundan əvvəl də Bakıda Suriyadakı vəziyyəti müzakirə etmək üçün tərəflər toplaşıblar.
Cümə günü keçirilən görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil edilib və Suriya məsələsində İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlib.
Azərbaycanın xarici siyasəti və diplomatiyası, ilk növbədə, ona yönəlir ki, yalnız yerləşdiyimiz regionda deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə nail olunsun. Konkret olaraq, Türkiyə və İsrail arasında gərginliyin azaldılması istiqamətində Azərbaycan bu günə qədər də müəyyən addımlar atıb. Düşünürəm ki, bu gün keçirilən görüş də həmin addımlardan biridir.
“Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçiliyi və hər iki ölkəyə platforma təqdim etməsi üçün kifayət qədər potensialı var. O həm Türkiyə ilə strateji müttəfiqdir, həm də İsraillə yaxşı münasibətləri var. Bu münasibətlərdən istifadə edərək, Azərbaycan çalışır ki, iki ölkə arasındakı münasibətlər qırılma həddinə qədər inkişaf etməsin. Xüsusilə, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra müəyyən mürəkkəb proseslər gedir. İlk növbədə, ən azı Suriyada hər 2 ölkənin birbaşa qarşıdurmasının qarşısının alınmasında Azərbaycan maraqlıdır və bu istiqamətdə fəaliyyət göstərir”, - bunu Mətin Məmmədli vurğulayıb.
“Bundan hamı udacaq. Həm Türkiyə, həm də İsrail. Təbii ki, bizim üçün önəmli olan müttəfiqimiz Türkiyədir.
Suriyaya da nümayəndə heyətimiz də gedib. Biz Suriya hökumətinə müəyyən yardım göstərməyə hazırlaşırıq. Yaxın Şərqlə bağlı gündəmdə olan məsələlər var və Azərbaycan artıq göstərir ki, bu regionda beynəlxalq səviyyədə vasitəçi rolu oynaya bilər”, – bu, Fərid Şəfiyevin rəyidir.
Bakıda keçirilən məxfi görüş baş nazir Beyamin Netanyahunun mayın 7-də Azərbaycana gözlənilən səfərinin ləğv edilməsi fonunda baş verir. Səfərin ləğvini bir çoxu Türkiyənin öz hava məkanını Netanyahunun təyyarəsinə bağlaması ilə izah edib. Amma Türkiyə XİN bu iddianı təkzib edib, nazirlik bildirib ki, ona keçidlə bağlı ümumiyyətlə heç bir müraciət daxil olmayıb.
Mətin Məmmədlinin bu barədə rəyi belədir: “Biz yalnız ehtimallarla danışa bilərik. Müxtəlif ehtimallar səsləndirildi və İsrail tərəfindən də qeyd olundu ki, həmin səfər niyə görə gerçəkləşdirilmir. Təl-Əvivin açıqlamasında Türkiyənin hava məkanını Netanyahu üçün qapatması səbəb kimi göstərilməmişdi”.
Yeri gəlmişkən, “Əl-Cəzirə” kanalının yaydığıməlumata görə, hələ aprel ayında İsrail hərbi yük təyyarəsinin Türkiyə səmasından keçməklə Azərbaycana uçuşuna qadağa qoyulub.
“Bu barədə hər hansı bir rəsmi məlumat olmadığı üçün bu barədə danışmaqda çətinlik çəkirəm. Bütövlükdə nəzərə almaq lazımdır ki, İsraillə Türkiyə arasında kifayət qədər dərin ziddiyyətlər var. Əfsus ki, bu problemlər təkcə iki ölkəni əhatə etmir, digər ölkələr üçün də müəyyən problemlər yaradır”, - deyə baş məsləhətçi vurğulayıb.
BMTM rəhbəri Şəfiyev iki məlumat arasındakı uyuşmazlığa belə münasibət bildirib:
“Mən Türkiyə tərəfindən İsrailə məxsus hərbi yük təyyarəsinə keçid qadağasının qoyulması ilə bağlı hansısa məlumat eşitməmişəm. Netanyahunun təyyarəsinə, gəlincə, bəli, məndə olan məlumata görə, Türkiyə tərəfi bildirib ki, bizə belə bir müraciət olmayıb. Netanyahunun Azərbaycana səfər etməməsi daha çox İsrailin ətrafında olan vəziyyətlə bağlıdır”.
Nazim Hacıyev
Telegram kanalımız