Bakı, 8 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 5–8 may tarixlərində təhsil müəssisələrində şagird və müəllimlərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyamız haqqında nə bilirik?” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, xüsusilə də onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası haqqında ətraflı məlumat veriblər. İştirakçılarla Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları, həmçinin vətəndaşların vəzifələri barədə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.