Bəs bu doğrudurmu? Sadəcə borcun olması kifayətdirmi, yoxsa çıxışa qadağa üçün mütləq məhkəmə qərarı olmalıdır? Suallarımızı cavablandıran bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Ajans.az"a açıqlamasında deyib ki, belə hallarda mütləq məhkəmə qərarı olmalıdır:
‘’Hətta, bəzən bir yox, iki məhkəmə qərarına ehtiyac yaranır. Məsələn, əgər vətəndaşın banka, digər bir şəxsə və ya alimentlə bağlı borcu varsa, həmin borcun məhkəmə tərəfindən təsdiqlənməsi vacibdir. Yəni qarşı tərəf əvvəlcə məhkəməyə müraciət etməli və “filankəs mənə borcludur” deməlidir. Daha sonra həmin məhkəmə prosesini udmalıdır. Bu mərhələdən sonra iş icra məmuruna ötürülür və icra məmuru borclu şəxsdən borcun ödənilməsini tələb edə bilər. Əgər vətəndaş borcunu ödəyə bilmirsə, o zaman icra məmuru məhkəməyə təqdimatla müraciət etməlidir ki, borclunun ölkədən çıxışına məhdudiyyət qoyulsun. Lakin qanun burada bir önəmli şərt qoyur: məhdudiyyət yalnız o halda tətbiq oluna bilər ki, vətəndaş borcunu üzrsüz səbəbdən icra etmir. Bu çox vacib məqamdır və təəssüf ki, əksər hallarda bu nüans gözardı edilir. Hətta bəzi ekspertlər, banklar və icra məmurları bu məsələni bilərəkdən çaşdırırlar. “Üzrsüz səbəb” anlayışının hüquqi tərifini isə Komissiya məhkəməsi verib. Orada qeyd olunur ki, vətəndaşın imkanı ola-ola borcunu ödəməməsi üzrsüz səbəb hesab olunur. Bu isə o deməkdir ki, icra məmuru borclunun maddi imkanlarının yaxşı olduğunu, lakin buna baxmayaraq borcunu ödəmədiyini sübut etməlidir. Amma bu, praktikada çox çətindir. Çünki ölkəmizdə kölgə iqtisadiyyatı geniş yayılıb və bir çox şəxslərin gəliri qeyri-rəsmidir’’. Ekspert iddia edir ki, təcrübədə vəziyyət fərqlidir: ‘’Bəzi icra məmurları vətəndaşların ölkədən çıxışlarını izləyir, onları yanına çağıraraq “mənə hörmət et, əks halda sənin ölkədən çıxışına məhdudiyyət qoyacam” deyir. Bu isə açıq şəkildə qanunsuz davranışdır. Bəzən belə bir sual da ortaya çıxır: “Əgər bu şəxsin borcunu ödəməyə imkanı yoxdursa, xaricə necə gedir?” Amma burada da birmənalı nəticə çıxarmaq olmaz. Ola bilsin ki, həmin şəxs xaricə öz hesabına getmir, və ya borcun bir hissəsini ödəyir. Hər halda bu, icra məhdudiyyəti üçün əsas ola bilməz. Fikrimcə, bu məsələ ölkədə ciddi problemə çevrilib və yetərincə diqqətlə yanaşılmır’’. ©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.