RU

Qardabanidə evdə “Tarix-diyarşünaslıq muzeyi” – REPORTAJ

Muzeyin eksponatları Azərbaycan xalqının zəngin tarix və mədəniyyət nümunələridir

Tbilisi, 8 may, AZƏRTAC

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan tarixini, mədəniyyətini, adət və ənənələrini yaşatmaq üçün araşdırmalar aparır, tarixi əsərlər yazır, mədəniyyət abidələrinin qorunması, gələcək nəsillərə çatdırılması üçün öz evlərində belə muzeylər yaradırlar. Belə muzeylərdən biri də Qardabani rayonunda dövrünün tarixi şəxsiyyətlərindən olan, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin müşaviri işləmiş, Ulu Öndər Heydər Əliyevin də yaxşı tanıdığı Məhərrəm Həsənovun evində yaradılıb.

AZƏRTAC xəbər verir ki, “Tarix - diyarşünaslıq muzeyi” adı altında fəaliyyət göstərən bu tarixi saxlanc yerini Məhərrəm Həsənovun qızı Növrəstə xanım yaradıb.

Növrəstə Məhərrəmqızı deyir ki, muzeydə baba və nənələrindən, atasında qalmış əşyalar toplanıb. Burada yaşı 300-dən çox olan kitablar, o cümlədən “Qurani-Kərim”də var. Müqəddəs kitabımızın səhifələrinin kənarlarında ərəb dilində əl ilə edilmiş düzəlişlər onun həqiqətən də necə qiymətli bir xəzinə olduğunu sübut edir.

Muzeydə yaşı 250-300 il olan qədim xalça və kilimlər, kəlağayı, bellik, kirkirə, xana, mis qablar, gümüş və digər metallardan hazırlanmış qılınc, xəncər, atıcı silah və musiqi alətləri, saz da var. Muzeyə xüsusi gözəllik verən əşyalardan biri də Abdulla Şaiqin anası Mehri xanımın cehizlik güzgüsüdür.

Burada Muzeydə Məhərrəm Həsənovun Eduard Şevardnadze, Ulu Öndər Heydər Əliyev və digər tarixi şəxsiyyətlərlə görüşlərindən fotoları da saxlanılır.

Muzeydə saxlanılan eksponatları saymaqla bitməz, sadəcə onu deyə bilərəm ki, buradakı eksponatlar yalnız Azərbaycan xalqının zəngin tarixinin, mədəniyyətinin nümunələridir.

“Tarix - diyarşünaslıq muzeyi”ndə Şuşanın rəsmi olan xalça, qala-şəhərimizdən gətirilmiş torpaq da saxlanılır. Növrəstə xanım deyir ki, nənəsi və atası Azərbaycan torpaqları işğal olunanda yağı düşmənə qarşı Gürcüstanda mübarizə aparıblar. “Torpaqlarımızın işğaldan azad olunduğunu onlar görmədilər. Lakin, mən Şuşadan gətirdiyim torpağı onların məzarları üstünə səpdim. Elə bilirəm indi onların ruhu şaddır”,- deyə Növrəstə xanım vurğulayıb.

Azərbaycan səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov, professor Mahmud Kamaloğlu, ictimai fəal Aygül İsayeva və başqaları mayın 7-də Növrəstə xanımın doğum günündə muzeyi ziyarət edərək burada saxlanılan eksponatları maraqla seyr ediblər.

Növrəstə Məhərrəmqızı deyir ki, mütəmadi olaraq Qardabani məktəblərinin şagirdləri muzeyi ziyarətə gəlirlər. Onlara burada saxlanılan eksponatlar əsasında zəngin tariximiz və mədəniyyətimiz barədə məlumat verilir.

Qeyd edək ki, Növrəstə Məhərrəmqızı ali təhsilini Bakıda alıb. Sonradan ona Bakıda qalıb işləmək təklif olunsa da o, Gürcüstana qayıdıb və doğulduğu yurdda müəllimlik edib. O, uzun illərdir ki, Qardabani rayonu Təzəkənd məktəbində Ana dili və ədəbiyyat fənlərini gənclərə öyrədir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Избранный
0
azertag.az

1Источники