Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"İlk növbədə qeyd etməliyik ki, keçən ilin 25 dekabrında Azərbaycan mülki təyyarəsi Rusiya ərazisində vurulandan sonra Azərbaycanın Rusiya qarşısında irəli sürdüyü tələblərin bir qismi hələ də yerinə yetirilməyib. Xüsusilə də rəsmi üzrxahlıq edilməyib. Doğrudur, təzminat ödənilib, amma istintaqla bağlı süründürməçilik davam etməkdədir və Rusiya tərəfi bu məsələdə, əslində, etimadsız, bir az da açıq desək, hörmətsiz münasibət sərgiləyib.
Bunun ardınca Rusiya mediasında Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparıldı. Sonrakı mərhələdə isə Rusiyadan qaynaqlanan kibertəhdidlər və hücumlar Azərbaycan mediası və bir çox qurumlara qarşı təşkil olundu. Bu hallar da araşdırılaraq müəyyənləşdirildi.
Nəhayət, Azərbaycan parlamentinin üzvünün Rusiya ərazisindən heç bir məlumat verilmədən və hörmətsiz şəkildə deportasiya edilməsi təbii ki, Prezidentin qərarına təsir edən əsas amillərdən biridir.
Şübhəsiz ki, bu hadisələr Azərbaycan-Rusiya münasibətlərində müəyyən qədər sərinliyin olduğunu göstərir. Azərbaycanla Rusiya arasındakı münasibətlərə və tərəflərin baxışlarına nəzər saldıqda, ciddi fərqlərin olduğu aydın görünür. Belə ki, Azərbaycan Rusiya ilə, bütün digər ölkələrlə olduğu kimi, bərabər hüquqlu tərəfdaşlıq və əməkdaşlıq istəyir. Rusiya isə özünəməxsus imperiya ədaları ilə keçmiş imperiya ərazisində yerləşən ölkələrə, sanki hələ də müstəmləkəsi kimi yanaşmaq istəyir.
Bu da gözlənilən idi. Çünki Rusiya cəmiyyətinin təfəkkür tərzi və dövlət fəlsəfəsi məhz bu düşüncə üzərində qurulub. Ona görə də bu kimi problemlərin zaman-zaman yaşanması qaçılmazdır. Biz dəfələrlə qeyd etmişik ki, Ukrayna müharibəsində müəyyən məqsədlərinə çatdıqdan sonra keçmiş postsovet məkanı ölkələri, o cümlədən Azərbaycan, Rusiyanın hədəfində olacaq.
Bəli, bu gün biz bu reallığı müşahidə edirik. Şübhəsiz ki, Azərbaycan Rusiya ilə normal əməkdaşlıqda maraqlıdır. Amma eyni zamanda öz suverenliyinə və müstəqilliyinə hörmət olunmasını tələb edir. Rusiya isə nəhayət bunu başa düşməlidir.
Amma başa düşəcəkmi? Açığı, bu qeyri-müəyyən məsələdir. Çünki qeyd etdiyim kimi, Rusiya siyasi elitasının, o cümlədən cəmiyyətinin düşüncə tərzi dəyişmədikcə, Rusiyanın dövlət siyasətində hansısa ciddi dəyişiklik olacağını düşünmürəm".
Zeynəb Rzayeva