RU

Rayon məktəblərində təhsil YÜKSƏLİR: “Müəllim və şagird potensialı artmaqdadır”

Rayon məktəblərində təhsil səviyyəsində son illərdə ciddi irəliləyişlər müşahidə olunur. Bu inkişafın əsas səbəblərindən biri valideynlərin, xüsusilə də qızların təhsilinə artan dəstəyidir. Əvvəllər mövcud olan “qız uşaqları oxumasın” kimi köhnə düşüncələr tədricən zəifləməkdədir. Müəllimlərin işə qəbulu və sertifikasiya nəticələri rayon məktəblərində də keyfiyyətli müəllimlərin çalışdığını göstərir.

 

"Artıq əvvəlki illərdə hökm sürən köhnə düşüncəli, "qız uşaqları oxumasın, müəyyən yaşa çatanda erkən evlənsin", fikirləri yavaş-yavaş həqiqətən də azalmağa doğru gedir".

 

AzEdu.az-a bu sözləri təhsil eksperti Ramin Nurəliyev bildirib.

159634

Ekspertin sözlərinə görə, biz düşünməməliyik ki, rayon məktəblərinə zəif müəllimlər göndərilir. Belə bir şey mümkün deyil:

 

“Son dövrlərdə rayon məktəblərində ciddi irəliləyişlər müşahidə olunur. Nəzərə alsaq ki, Bakı şəhərində şagird sayı çoxdur, bu baxımdan rayon məktəblərini paytaxtdakı məktəblərlə müqayisə etmək absurddur. Ancaq ümumilikdə rayon məktəblərini özlərinin əvvəlki illəri ilə müqayisə etsək, ciddi irəliləyişlərin olduğunu görmək mümkündür.

 

Hazırda buraxılış imtahanlarında rayon məktəblərinin, istər maksimum nəticə olan 300 bal toplayanların sayı, istərsə də qəbul imtahanı və olimpiada nəticələrinə baxdıqda irəliləyişlər açıq-aşkar görünür. Misal olaraq deyə bilərik ki, Gəncə məktəbliləri olimpiadalarda, Şəki məktəbliləri buraxılış imtahanlarında, digər rayon məktəbləri isə müxtəlif sahələrdə yüksək nəticələr əldə edirlər. Müşahidələrimizə əsasən demək olar ki, rayon məktəblərində təhsilin inkişafı istiqamətində müsbət addımlar atılır.

 

Fikrimcə, bu irəliləyişin əsas səbəblərindən biri qız abituriyentlərin təhsilinin valideynləri tərəfindən dəstəklənməsi və ali məktəblərə qəbul üçün atılan konkret addımlardır. Rayon və ucqar kəndlərdə qızların təhsilinə maraq artıb. Artıq əvvəlki illərdə hökm sürən köhnə düşüncəli, “qız uşaqları oxumasın, müəyyən yaşa çatanda erkən evlənsin”, fikirləri həqiqətən də getdikcə azalır".

 

"Hesab edirəm ki, bir neçə il sonra qızların təhsildə sayı daha da artacaq. Bu isə istər cəmiyyət, istərsə də ölkənin müxtəlif əmək bazarları üçün müsbət nəticələr verəcək”,- deyə ekspert vurğulayıb:

 

“Misal olaraq, qız həkimlərin, hüquqşünasların sayının artmasını göstərə bilərik. Bu gün hüquq fakültəsinə daxil olduqda oğlanlardan çox qızları görmək mümkündür. Eləcə də, yüksək balla qəbul olunan ixtisaslara nəzər saldıqda oğlanlarla qızların sayı ya bərabər, ya da bəzi hallarda qızlar üstünlük təşkil edir. Bunların hər biri sevindirici haldır.

 

Rayon məktəblilərinin uğurlu nəticələri bizdə fərəh hissi yaradır. Fikrimcə, bu, ölkədə qız uşaqlarının təhsili ilə bağlı aparılan müsbət gedişatın nəticəsidir. Çünki, doğrudan da, bir müddət əvvəl QHT-lərin qızların təhsili və erkən nikahla bağlı apardığı mübarizə artıq bəhrəsini verməkdədir.

 

Eyni zamanda düşünmək lazım deyil ki, rayon məktəblərinə zəif müəllimlər göndərilir - belə bir şey mümkün deyil. MİQ və sertifikasiya imtahanlarında rayon məktəblərində çalışan bir çox müəllimlərin yüksək nəticə göstərdiyinin şahidi olmuşuq”.

 

Həmsöhbətimiz vurğulayıb ki, elə müəllimlər var ki, şəhər məktəblərindəki müəllimlərdən daha yüksək nəticələr göstərirlər:

 

“Doğrudur, ümumi müqayisə aparmaq çətindir. Çünki, şəhər məktəblərində istər şagird, istərsə də müəllim baxımından say daha çoxdur. Keyfiyyətli tədris prosesinin həyata keçirilməsi, həm maddi-texniki baza, həm də təcrübəli pedaqoqların sayı ilə bağlıdır. Lakin düşünürəm ki, Elm və Təhsil Nazirliyi bu keyfiyyətli tədris modelini rayon məktəblərində də tətbiq etməkdədir.

 

Artıq pilot məktəblər rayonlarda fəaliyyət göstərir və onların sayı artırılır. Bu da rayon məktəblərinin inkişafına ciddi təkan verəcək”.

Избранный
0
azedu.az

1Источники