RU

NDU-da “Dahi şəxsiyyət – fövqəlbəşər Lider” mövzusunda dəyirmi masa keçirilib

Ali təhsil müəssisəsinin Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan dəyirmi masa təşkil edilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Elmi Kitabxananın direktoru Xumar Məmmədova tədbiri giriş sözü ilə açaraq qonaqları təqdim edib və bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə əsası qoyulan kitabxana fondlarında milli ədəbiyyat nümunələrinin toplanması və qorunması gələcək nəsillər üçün dəyərli mirasdır. Bu cür tədbirlərin keçirilməsi isə Heydər Əliyevin zəngin irsini tələbələrə daha yaxından tanıtmaq, onları liderin ideyaları istiqamətində maarifləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan qısa film və virtual sərgi nümayiş olunub.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Hacı Fəxrəddin Səfərli Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı əhatəli çıxış edib. Eyni zamanda “Azərbaycan tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Xəzər Hüseynov, “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov, “Beynəlxalq münasibətlər” kafedrasının dosenti, tarix elmləri doktoru Emin Arif, “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix elmləri doktoru Sevinc Abbasova, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, siyasi elmlər üzrə dissertant Nazlı Yaqubova çıxış ediblər. Natiqlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik, iqtisadiyyat, ordu quruculuğu, qadın siyasəti və beynəlxalq münasibətlər sahələrindəki misilsiz xidmətlərindən bəhs ediblər. Fikirlərdə vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, milli oyanışın, eyni zamanda ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanın təhlükəsizliyinin təmin olunmasının, sosial-iqtisadi inkişafının möhkəm bünövrəsini qoyub. Dahi liderin siyasi uzaqgörənliyi və qətiyyətli idarəçilik strategiyası müasir Azərbaycanın inkişaf yolunun əsasını təşkil edib. Çıxışlarda bildirilib ki, Ulu Öndərin əsas amal və məqsədi olan torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilib. Bu tarixi Zəfər, dahi şəxsiyyətin siyasətinin və milli ideallarının davamı kimi qiymətləndirilib.

Dəyirmi masa tələbələrin sualları və fikir mübadiləsi ilə davam etdirilib.

 

 

 

 

Избранный
0
tehsil.biz

1Источники