RU

“Moskvada rus faşizminin alman faşizmi üzərində qələbəsinin 80 illiyi qeyd olunur...”-MÜSAHİBƏ

“Rus faşizminin alman faşizmi üzərində qələbəsinin 80 illiyi qeyd olunur...”-
 
“Bu diktator rus xalqını qoyun sürüsünə çevirib. Artıq rus xalqı düşünə, öz mövqeyini ifadə edə bilmir...”
 
"O dövlətlər ki, Rusiya onlar üçün əhəmiyyətlidir, onların nümayəndələri gələcək. Ukraynanın işğalına, rus faşizminə insan hüquqlarının tapdanmasına və s. baxmadan Moskvaya gələcəklər..."
 
Siyasi şərhçi, Azərbaycan Sosial-Demokrat Partiyasının sabiq həmsədri Zərdüşt Əlizadə ilə Moderator.az üçün qısa söhbətimizdə sabah –mayın 9-da Moskvada keçiriləcək paraddan danışdıq, SSRİ-nin əslində Rusiya imperiyasının cildini dəyişmiş formasının, yaxud Stalin Rusiyasının Hitler Almaniyası üzərində qələbəsinin əsl mahiyyəti barədə maraqlı məqamlara toxunduq. 
 
-Zərdüşt bəy, sabah-  mayın -9-da hazırda Ukraynanın ədalətsiz və amansız  işğalını davam etdirən Putin Rusiyasının paytaxtında faşizm  üzərində qələbənin 80 illiyi qeyd edilməlidir. Sizcə,  Moskvada Putinin paradı baş tutacaqmı? 
 
-Bəli, mayın 9-da Moskvada rus faşizminin alman faşizmi üzərində qələbəsinin 80 illiyi qeyd olunur. Hesab edirəm ki, Putin yenə də 9 may paradını müəyyən çərçivədə keçirə biləcək. Tribunalar qurulacaq, Rusiya və digər ölkələrin liderləri orada əyləşəcək, hərbçilər, texnikalar keçəcək, alqışlar səslənəcək və s. 
 
-Amma dəvət edilmiş bəzi ölkələr, o cümlədən, Hindistan, Macarıstan, Monqolustan 9 may paradında iştirak üçün Moskvaya gəlməkdən imtina ediblər... Azərbaycan prezidenti İlham Əliyev də son məqamda Heydər Əliyevin növbəti doğum günü münasibəti ilə bağlı ölkədaxili tədbirləri əsas gətirərək Moskvaya yollanmadı...
 
-Bəli, bir sıra dövlət başçıları 9 mya paradında iştirakdan imtina ediblər. Bəzi siyasi liderlər vəziyyəti təhlil edirlər və görürlər ki, hazırda 9 may paradına getməyin onlara, dövlətlərinə müəyyən dərəcədə siyasi ziyanı var və həmin ziyandan qaçmaq üçün abırlı bir bəhanə tapıb boyun qaçırırlar. Kiminin “başı ağrıyır”, kiminin “qarnı ağrıyır”, digərinin “evində nəsə baş verir” və Moskvaya Putinin paradına gəlmirlər... Amma əslində Rusiyanı özləri üçün vacib hesab edən adamlar gələcək. O dövlətlər ki, Rusiya onlar üçün əhəmiyyətlidir, onların nümayəndələri gələcək. Ukraynanın işğalına, rus faşizminə insan hüquqlarının tapdanmasına və s. baxmadan Moskvaya gələcəklər...
 
-1945-ci ilin mayında Rusiya imperiyasının cildini dəyişmiş SSRİ forması əsasən digər xalqların, o cümlədən Azərbaycan xalqının və onun neftinin hesabına Hitler faşizminin hərb maşınını məhv edərək faşist Almaniyasına hərbi baxımdan qalib gəldi. Fəqət, gəlin görək bundan sonra nə baş verdi? Bundan sonra cəmi 46 il ömür sürən SSRİ-nin iqtisadiyyatı çökdü və o dağıldı. Hazırda onun xələfi Rusiyanın durumu isə ümumi göstəricilərə görə 1950-ci illər səviyyəsindən də aşağıdır və imperiyanın qalan bu parçası da məhvə doğru gedir. Müharibədə uduzmuş, parçalanmış Almaniyanın isə  qərb hissəsi sürətlə inkişaf etdi, yüksək iqtisadi, texnoloji göstəricilər əldə etdi. Və nəhayət, SSRİ dağılandan sonra parçalanmış Almaniya birləşdi. Və bu gün vahid Almaniyanın buraxdığı avtomobillər, digər texniki vasitələr, elektronika, məişət avadanlıqları, o cümlədən hərbi texnikalar dünya bazarında xüsusi reytinqə malikdir. Rusiya isə yalnız xammal: neft,qaz və s. hesabına, özü də korrupsiya, avtoritarizm şəraitində yaşayan, heç bir brend mal istehsal edilməyən bir ölkədir. Belə çıxmırmı ki, yekunda qalib SSRİ -Rusiya yox, Almaniya oldu. Yəni Almaniya SSRİ-nin onunla savaşması hesabına faşizmdən qurtulub inkişaf etdi, SSRİ və ardınca Rusiya özü isə mahiyyətcə stalinizmdən, totalitarizmdən, avtoritarizmdən qurtulmadı və bu gün də həmin bəlalar içərisində  çökmək üzrədir... 
 
-Xeyr, mən bütövlükdə o cür hesab etmirəm... Tarix bir növ hadisələrin silsiləsidir. 1945-ci ildə İkinci Dünya müharibəsi qurtardı. Qaliblər SSRİ, Böyük Britaniya, ABŞ oldu, sonra Fransanı da saldılar o qaliblər sırasına. Eyni zamanda sadalananların müttəfiqlərini... Və qələbə nəticəsində SSRİ-nin siyasi nüfuz dairəsi genişləndi və bütün Şərqi Avropanı əhatə elədi. Ondan sonra SSRİ güclü inkişaf etdi və artıq dünya sosialist sistemi formalaşdı. Və bununla yanaşı, Çin Sovetlərin köməyi ilə kommunist oldu. Vyetnam və Koreyanın şimal hissələrində də sosialist dövləti quruldu. Bir sözlə, qalib kim idi? Sovet İttifaqı...  Almaniya isə işğal altında idi və bölünmüş idi. Federativ Almaniyada iki işğal zonası var idi: Böyük Britaniyanın və Fransanın. Yalnız bir hissə  Almaniyanın özünün idi... Şərqi Almaniya isə SSRİ-nin işğal zonasıydı. Qalib SSRİ idi. Bunun ardınca bu dövlət güclü inkişaf etməyə başladı. Təhsili, elmi, sənayesi... Artıq SSRİ atom silahına yiyələndi, raket sənayesini inkişaf etdirdi. Kosmosa ilk peyki SSRİ buraxdı, ilk kosmonavtı SSRİ yolladı. Xalq nikbin bir ruhda idi... Amma eyni zamanda hakim zümrəyə kommunizm ideyasına yox, öz xeyrinə, cibinə sadiq adamlar soxulmağa başladı və tədricən sovet bürokratiyası öz mahiyyətini dəyişdi. Nəticə isə o oldu ki, Sovet İttifaqı Xruşov, Brejnev dövründə və sonrakı dövrdə həm ideoloji, həm siyasi, həm də iqtisadi cəhətdən tənəzzülə uğramağa başladı. Buna baxmayaraq SSRİ-nin süqutundan öncə ümümdünya daxili məhsulunun 17-18 faizi bu dövlət tərəfindən istehsal olunurdu... 
 
Sadəcə, dediyim kimi, sonradan bu ölkənin hakim zümrəsinə soxulmuş sosializmə, kommunizmə yad ünsürlər gördülər ki, “ümumxalq mülkiyyyəti” deyilən bir mülkiyyətin yiyəsi yoxdur.  Və öz aralarında belə qərara gəldilər ki, gəlin bunu həzm-rabedən keçirib öz cibimizə qoyaq. Nəticədə SSRİ-ni dağıtmağa başladılar. Dağıtma prosesini də “KQB”-yə tapşırdılar. “KQB” də öz casusları, agentləri vasitəsilə başladı ölkəni laxlatmağa.  Zəruri, ölkəni xilas edə biləcək islahatlar aparmaq əvəzinə, savadsız, qara kütləni səfeh şüarlarla aldatmağa başladılar. Avam camaat da casusların dalınca qaçdı.  Bütün bunlar nəticəsində 1991-ci ildə SSRİ çökdü...
 
Düzdü, SSRİ dağılarkən Almaniyanın iki hissəsi birləşdi və inkişaf etdi. Buna rəğmən hazırda Almaniyanın özü də dərin böhran içərisindədir: siyasi, iqtisadi, demoqrafik böhran və s. Məsələ o həddə çatıb ki, ifrat sağçı “Almaniya üçün Alternativ Partiyası ölkədə ən populyar partiyadır, artıq sosial-demokratları da ötüblər. Bir aydan sonra seçki keçirilsə, ifrat sağçı partiya hakimiyyətə gələcək... Bundan əlavə, ölkə iqtisadiyyatı da ABŞ-dan və Fransadan asılıdır...  Odur ki, bu gün Almaniya da bəxtəvər yaşamır...  Amma bəli, SSRİ dağıldıqdan sonra Rusiyanın özü də xüsusən Putinin 25 illik hakimiyyəti dövründə hərtərəfli dərin böhran içərisindədir...  Və bu diktator rus xalqını qoyun sürüsünə çevirib. Artıq rus xalqı düşünə, öz mövqeyini ifadə edə bilmir...
 
Sultan Laçın
Избранный
0
moderator.az

1Источники