RU

Bağdad Bakını neft sahəsində birgə layihələrin həyata keçirilməsinə dəvət edib

İraq Azərbaycanla enerji əməkdaşlığının inkişafında və neft sektorunda birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

Bu barədə “Report” İraqın Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir. Məlumat Baş nazir Məhəmməd S.Əl-Sudaninin Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünün yekununa əsaslanır.

Danışıqlarda Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adı açıqlanmayan vitse-prezidenti də iştirak edib.

"Görüşdə İraq və Azərbaycan arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda konstruktiv əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib. Əl-Sudani iki dost ölkənin maraqlarına və əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək bir sıra birgə təşəbbüslərin aktivləşdirilməsinin vacibliyini vurğulayıb", - məlumatda bildirilib.

O, həmçinin İraq hökumətinin neft sahəsində layihələrin həyata keçirilməsi üçün Azərbaycanla tərəfdaşlıq qurmaq istəyini qeyd edib.

"Baş nazir İraqın enerji sahəsində investisiya imkanları barədə məlumat verib, SOCAR-ın peşəkarlığını müsbət qiymətləndirib və şirkəti neft hasilatı layihələrində iştirak etməyə dəvət edib. O, həmçinin qaz hasilatı sənayesinin inkişafı və bu sektora aparıcı beynəlxalq şirkətlərin cəlb edilməsi istiqamətində ölkənin səylərini qeyd edib", - məlumatda vurğulanıb.

Nazir C.Bayramov öz növbəsində, Azərbaycan Prezidentinin salamlarını Baş nazirə çatdırıb və ikitərəfli əməkdaşlığı dərinləşdirmək üçün onu Bakıya rəsmi səfərə dəvət edib. O, həmçinin Azərbaycanın İraqla bütün sektorlarda əlaqələrin genişləndirilməsində maraqlı olduğunu təsdiqləyib.

"Əl-Sudani dəvəti qəbul edib və ilk fürsətdə Azərbaycana səfər edəcəyinə söz verib", - məlumatda qeyd olunub.

Избранный
0
1
report.az

2Источники