BAKI, 8 may. TELEQRAF
Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsi ölkəmizdə müasir səviyyədə təşkil edilir. Artıq ölkəmizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq etdiyi “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” xəstəliyin profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.
Talassemiya nədir?
Talassemiya - genetik defekt nəticəsində yaranan və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Anadangəlmə xəstəlik olaraq iki daşıyıcının nikahı nəticəsində doğulan uşaqlarda rast gəlinə bilər.
Xəstəlik necə aşkar edilir?
Talassemiya daşıyıcılığı adətən təsadüfi müayinə və ya skrininq zamanı aşkarlanır. Əksər hallarda heç bir klinik əlaməti olmur. Əgər nikaha daxil olacaq şəxslərin birində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqların 50 faiz halda sağlam, 50 faiz halda isə daşıyıcı olma ehtimalı var. Əgər hər ikisində talassemiya daşıyıcılığı varsa, doğulacaq uşaqların 25 faiz halda sağlam, 50 faiz halda daşıyıcı, 25 faiz halda xəstə olma ehtimalı mövcuddur. Xəstəlik adətən həyatın erkən dövrlərində (1 yaşa qədər) qanazlığı, ümumi zəiflik, iştahasızlıq, inkişafdan geri qalma, tez-tez infeksion xəstəliklərə yoluxma, dəri, görünən selikli qişaların solğunluğu və ikterikliyi, qaraciyər və dalaqda böyümə kimi əlamətlərlə özünü büruzə verir. Hb elektrofrezi analizi ilə diaqnoz dəqiqləşdirilir. Xəstəliyin yeganə radikal müalicə metodu sümük iliyinin transplantasiyasıdır.
Talassemiya xəstələrinin sayı
Talassemiya Mərkəzindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin aprel ayına olan məlumata əsasən, ümumilikdə 3 min 245 talassemiya xəstəsi qeydiyyatdadır və onlardan 7 nəfəri bu il əməliyyat olunub.
Dövlət Statistika Komitəsi sorğumuza cavabında 2023-cü ilin statistik göstəricilərini açıqlayıb. Belə ki, həmin ildə ilk dəfə talassemiya diaqnozu qoyulmuş xəstə sayı – 385 nəfər olub ki, onlardan 190 nəfəri 0-17 yaş aralığında olan şəxslərdir. 2023-cü ildə tibb müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin cəmi sayı 4 min 916, onlardan 0-17 yaş aralığında olanların sayı isə 2 min 361 nəfər olub.
Sümük iliyi nəqlinə ehtiyacı olan 65 xəstəyə transplantasiya əməliyyatı edilib
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova isə sorğumuza cavabında ötən il icra edilmiş sümük iliyi transplantasiyasının sayını açıqlayıb.
“2024-cü ildə sümük iliyi nəqlinə ehtiyacı olan 65 xəstəyə transplantasiya əməliyyatı edilib. Onların arasında həm talassemiyalı, həm də leykozlu xəstələr var. Kök hüceyrə donoru tapılmış 36 xəstəyə “Anadolu Sağlamlıq Mərkəzi”də, 29 nəfərə isə Talassemiya Mərkəzində sümük iliyi köçürülüb”.