RU

“Belə söhbətlərdə heç vaxt kimdənsə kömək istəmərik” (MÜSAHİBƏ)

“Zirə”nin kapitanı Qismət Alıyevin “Futbolpress.az“a müsahibəsi:

– Gümüş medalları təmin etdiniz. Mövsümü necə dəyərləndirirsiniz?
– Mövsümə yaxşı başlamışdıq. Konfrans Liqasında, həm də liqada qələbələr qazanırdıq. Konfrans Liqasına vida edəndən sonra heyətlə bağlı problemlər yaşadıq. Zədəli oyunçularımızın sayı artdı və bir müddət enişdə olduq. Bu anda “Araz-Naxçıvan” bizdən 13 xala qədər irəli çıxmışdı. Lakin sonradan toparlanıb, oyunumuzu inkişaf etdirdik. Çempionatda yaranan fasilələrdə də səhvlərimizin üzərində işlədik və bu pauzalar bizə çox xeyirli oldu. İkinci dövrəyə də daha yaxşı başlayıb, sonda gümüş medalları təmin etdik.

– Ardıcıl ikinci mövsüm medallar qazandınız. Tarixi uğurda pay sahiblərindənsən. Əsas amil nədir bu uğurda?
– İşimiz məşqçimizin tapşırıqlarını yerinə yetirmək, meydanda və meydandan kənarda peşəkar davranmaqdır. Kollektivdə mehribanlıq var və bu, vacib amildir. İldən-ilə daha yaxşı oluruq. Baş məşqçimiz Rəşad Sadıqov hər zaman yanımızdadır və bu, bizim üçün böyük hisslərdir. Eyni zamanda azarkeşlərimiz də bizi tək qoymur və onları sevindirməyə çalışırıq.

– Baş məşqçi Rəşad Sadıqov istədiyi stabil heyəti qura bilib. Adətən futbolda qələbələr futbolçulara, məğlubiyyətlər isə baş məşqçiyə yazılır. Sadıqovun komandadakı rolunu, əməyini necə ifadə edərdiniz?
– Rəşad müəllim futbolçu kimi də hər zaman böyük nümunə olub. O, işinə peşəkar, sevgi ilə yanaşır. Baş məşqçi kimi böyük işlər görür və hər zaman futbolçulara dost kimi olur.

– Kollektivdən söhbət açdın. Komandanın bombardiri Salifu Sumanın adı bir çox klubla hallanır. Kapitan kimi onunla söhbətin olubmu?
– Salifu hər zaman üzərində işləyən, inkişaf etməyi istəyən insandır. Onun komandamıza böyük əməyi olub. Bu yolda baş məşqçimiz Rəşad Sadıqovun da böyük rolu var. Sumanın komandada qalmasını istəyirəm, yəqin, durumuna mövsümün sonunda aydınlıq gələcək.

– Qayıdaq çempionata… “Turan Tovuz”la oyundakı qələbə gümüş medalların təminatçısı oldu. Öndə olduğunuz vaxtda qırmızı vərəqə aldınız. Həmin an hansı hissləri keçirdiniz? 
– Matçın önəmi böyük idi. İkinciliyin təmin olacağını bilirdik. Qırmızı alanda həqiqətən, çox kədərləndim. Komandamın 10 nəfərlə qalmağı ağır oldu. Amma uşaqlar çox istəkli idi və sona qədər döyüşüb, vacib qələbə qazandı.

– “Zirə”nin əsas yüksəlişi ikinci dövrədən sonra oldu. Yanvardan sonra komandada nə baş verdi?
– İnamlı qələbələrimiz oldu və bu, bizə motivasiya verdi. Həm də həm hücumda, həm müdafiədə daha etibarlı olmağa başladıq. Səhvlərimizi minimuma endirməyə çalışdıq. Ancaq bütün oyunların rahat keçdiyini demək olmaz. Çempionat inkişaf edir və demək olar, hər komanda bir-birindən xal ala bilir. Premyer Liqada hər xal qızıla bərabərdir.

– İkinci kimi komanda Konfrans Liqasına vəsiqə qazanır. Ancaq çempion “Qarabağ” ölkə kubokunu da qazansa, “Zirə” Avropa Liqasına yollanacaq. “Qarabağ”dan dostlarınla bu haqda nəsə danışmısan?
– Həm “Qarabağ”a, həm “Sabah”a uğurlar arzu edirəm. Qarşımızda 3 oyun var və indi bunu düşünürük. Belə söhbətlərdə heç vaxt kimdənsə kömək istəmərik. Kim güclüdürsə, o da qazansın.

– Yeni mövsümdə Premyer Liqada komanda sayı artacaq, eyni zamanda legioner limiti ləğv ediləcək. Kapitan kimi mövsümdən gözləntiləriniz nədir?
– Elitaya yüksələn hər komandaya uğurlar arzu edirəm. İmişli, Qəbələ, Yevlax kimi bölgələrdə hər zaman futbol olub. Legioner limitinə gəlincə, düşünürəm ki, bunun necə olacağını zaman göstərəcək. Məşqlərdə özünü yaxşı göstərən yerli oyunçu olsa, o da oynayacaq. Legioner limiti ləğv olunmadan öncə də yaxşı oynayanlar matçlara çıxırdı.

Şahin Cəfərov 

Избранный
0
futbolpress.az

1Источники