RU

Heydər Əliyev və hüquqi dövlət quruculuğu

Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram.

Heydər ƏLİYEV,
Ümummilli lider

Azərbaycan polisi öz tarixi kökləri, keçdiyi şərəfli yol və bugünkü fəaliyyəti ilə dövlətin hüquqi dayaqlarından biri kimi hər zaman mühüm rol oynayıb. Xüsusilə müstəqillik illərində ölkədə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, ərazi bütövlüyünün müdafiəsi və dövlətçiliyin möhkəmləndirilməsində polis orqanlarının əvəzsiz xidmətləri xüsusilə diqqət çəkib. Bu sistemin formalaşması, güclənməsi və təkmilləşməsində isə ümummilli lider Heydər Əliyev misilsiz fəaliyyət göstərib.

Ölkəmizdə polis sisteminin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulsa da, onun dövlətçiliyin əsas sütunlarından birinə çevrilməsi, bu sahədə möhkəm nizam-intizamın, yüksək peşəkarlığın bərqərar olunması Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsinin (1969-1982-ci illər) ilk vaxtlarından başlayıb. Bu dövrdə daxili işlər orqanları təşkilati və ideoloji cəhətdən möhkəmləndirilib, şəxsi heyətin milli ruhda formalaşdırılması diqqət mərkəzində saxlanılıb.

1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə polisin fəaliyyətində yeni bir inkişaf mərhələsi başlanıb və kadrların peşəkarlığının artırılmasına, bu sahədə hüquqi və institusional islahatların davamlı xarakter almasına önəmli amillər kimi yanaşılıb. Bu prosesdə Daxili İşlər Nazirliyi və ona tabe qurumların yenidən təşkili, peşəkar kadrların hazırlanması və polis sistemində hüquqi və institusional islahatların keçirilməsinə xüsusi yer verilib. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə 2 iyul – Azərbaycan Polisi Günü kimi təsis olunub və bu tarix dövlət tərəfindən rəsmi qeyd olunmağa başlanıb. Bu, həm də polisə göstərilən yüksək etimadın və dəyərin simvoluna çevrilib.

Onu da qeyd edim ki, müstəqilliyin ilk illərində respublikamız siyasi, sosial-iqtisadi problemlərlə üzləşmişdi, ölkədə hakimiyyət uğrunda gedən mübarizə vətəndaş qarşıdurmasına gətirib çıxarmışdı, sabitlik, əmin-amanlıq pozulmuşdu. Qarabağ savaşının başlanması isə çətinlikləri daha da ağırlaşdırmış, nəticədə xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü genişlənmişdi.

O dövrdə torpaqlarımızın qorunması üçün nizami ordu yox idi. Azərbaycan daxilində hökm sürən hərc-mərclik isə belə bir ordunun yaradılmasını çətinləşdirirdi. Ona görə də yeganə ümid polisin qüvvəsindən yararlanıb qanunsuz silahlı dəstələrlə mübarizə apararaq həm ictimai-siyasi sabitliyi möhkəmləndirmək, həm də ön cəbhədə erməni faşizminə qarşı vuruşub hücumun qarşısını almaq idi.

Bəli, o ağır illərdə Azərbaycan polisi həm torpaqlarımızı erməni faşizmindən mərdliklə, cəsarətlə qoruyur, həm də ölkə daxilində sabitliyi, əmin-amanlığı bərqərar edirdi. Dahi şəxsiyyət respublika rəhbərliyinə yenidən qayıdandan sonra isə nizami ordunun yaradılmasını diqqət mərkəzində saxlamaqla, bu istiqamətdə ciddi islahatlar gerçəkləşdirməklə bərabər, eyni zamanda, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılmasına, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılmasına, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsinə xüsusi önəm verdi.

Bu məqamda fikrimin təsdiqi məqsədilə bir tarixi faktı xatırlatmaq istərdim. Belə ki, Heydər Əliyev 1994-cü il aprelin 29-da Daxili İşlər Nazirliyinin rəhbər heyətinin iştirakı ilə keçirilən müşavirədə xidməti fəaliyyətdə yol verilən nöqsanları açıq şəkildə diqqətə çatdırdı, çatışmazlıqların qısa bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini verdi.

Eyni zamanda, Ümummilli liderin, 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman isə polis orqanlarında təşkilati-hüquqi bazanın əsasını qoydu. Bundan sonra “Polis haqqında” “Əməliyyat-axtarış fəaliyyəti haqqında” (28.10.1999-cu il) qanunlar, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” (30.06.2001-ci il) və “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” (18.07. 2001-ci il) Əsasnamələr qəbul edildi.

Bu məqamda mühüm bir tarixi hadisəni də xatırlatmaq istərdim. Ulu öndər 1921-ci ilin sentyabrın 28-də Bakı Milis Məktəbi kimi təsis edilən, 1957-ci il fevralın 23-də Bakı Xüsusi Orta Milis Məktəbi kimi fəaliyyətini davam etdirən bu təhsil müəssisəsinin bazasında 1992-ci il mayın 23-də Azərbaycan Polis Akademiyasının yaradılmasına nail oldu. Bununla da, respublikada polis sisteminin beynəlxalq səviyyəyə yüksəlməsi, daxili işlər orqanlarında kadr siyasətinin yenilənməsi istiqamətində böyük əhəmiyyətə malik uğurlu bir addım atıldı.

Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdışından sonra polis sistemində möhkəm hüquqi baza yaratmaqla bərabər, “Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar, ilk növbədə, öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır” – deməklə daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsini də diqqət mərkəzində saxlayır, onların problemlərinin həllinə həssaslıqla yanaşırdı. Məhz bu sistemdə fəaliyyət göstərənlərin sosial müdafiəsinin gücləndirilməsi, onların xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqinin gerçəkləşdirilməsi məqsədilə 1993-cü illə müqayisədə 2003-cü ildə Daxili İşlər Nazirliyi büdcəsinin 6 dəfə artması da bunun bariz ifadəsi idi.

Nazirlik sistemində şəxsi heyətin sosial müdafiəsinə yönələn tədbirlər haqqında danışarkən bir faktı da qeyd etmək yerinə düşərdi. Belə ki, 1996-2002-ci illərdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə baglı 5 sərəncam imzalandı, dövlətçiliyin qorunmasında, cinayətkarlıga qarşı mübarizədə xüsusi xidmətlərinə, göstərdikləri igidlik və xidməti borca sədaqətə görə yüzlərlə polis əməkdaşı yüksək dövlət mükafatlarına, habelə ali xüsusi rütbələrə layiq görüldü.

Yeri gəlmişkən, burada diqqətçəkən bir məqamı da qeyd etmək yerinə düşərdi. Belə ki, erməni faşizmi Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüyü ilk vaxtlardan, başqa sözlə, 1988-ci ildən etibarən qəsbkarın respublikamıza yönələn hərbi təcavüzü başlayanda əvvəlcə polis (o zaman milis) qüvvələri, daha sonra isə Daxili Qoşun hissələri səfərbərliyə alındı. Azərbaycan polisi düşmənlə döyüşlərdə mərdlik, qəhrəmanlıq nümayiş etdirdi.

Hazırkı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquq – mühafizə sistemi daha da təkmilləşdirilib. Beynəlxalq standartlara cavab verən mükəmməl infrastruktura və müasir maddi-texniki bazaya malik polis sistemi vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanına çevrilib. Bu inkişaf və modernləşmə insanların qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsinə, cinayətkarlığa qarşı mübarizəyə yönləndirilib.

Ötən müddətdə Daxili İşlər Nazirliyi struktur baxımından müasirləşdirilib, polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilib, informasiya texnologiyalarının tətbiqi genişləndirilib. Bütün bunlar, təbii ki, hüquqi dövlətin möhkəmlənməsi, ictimai təhlükəsizliyin və vətəndaş rifahının təmin olunmasında əhəmiyyətli rol oynayır.

Xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan polisi həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq, şücaət və fədakarlıq göstərdi, çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv etdi, misilsiz qəhrəmanlıq salnaməsi yaratdı. 30 il işğal altında saxlanılan torpaqlarımızın qəsbkardan xilas olunması naminə döyüşlərdə şücaət göstərən Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. 2023-cü il sentyabrın 19-da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı isə qarşıya qoyulan tapşırıqların mərdliklə yerinə yetirilməsində polis əməkdaşları tərəfindən yüksək peşəkarlıq göstərildi.

Azərbaycan polisi hazırda təkcə daxili sabitliyin təminatçısı deyil, həm də beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısına çevrilib. İnterpol, Europol və digər qurumlarla əməkdaşlıq nəticəsində transmilli cinayətkarlıq, terrorçuluq, insan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mühüm nəticələr əldə olunub.

Yeni dövrün çağırışlarına uyğun olaraq, Daxili İşlər Nazirliyi e-xidmətlər, şəffaf idarəçilik və vətəndaş məmnunluğuna yönələn sistemləri geniş tətbiq edir. “ASAN xidmət” modelinə uyğunlaşdırılmış proseslər, ictimai nəzarət və hesabatlılıq prinsipləri müasir hüquq-mühafizə modelinə keçidi gerçəkləşdirir.

Azərbaycan polisi bu gün peşəkarlığı, vətənpərvərliyi və insanlara nümunəvi xidmət prinsipi ilə tanınır, müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatında önəmli rolu ilə diqqət çəkir. Ölkə rəhbərliyinin göstərdiyi davamlı diqqət və qayğı nəticəsində polis sisteminin güclü, çevik və müasir çağırışlara cavab verən qurum olaraq nüfuzu getdikcə güclənir. Bir sözlə, Azərbaycan polisinin keçdiyi bu yol həm şərəfli keçmişi, həm də etibarlı gələcəyi özündə ehtiva edir.

Elnur MEHDİYEV,
polis polkovniki

Избранный
0
xalqqazeti.az

1Источники