RU

Lənkəranda iki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib - FOTOLAR

Mayın 7-də Lənkəran şəhər 3 saylı və 7 saylı körpələr evi-uşaq bağçalarının  əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

"Unikal" xəbər verir ki, Dövlət Himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirin əlamətdar hadisə - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ərəfəsində keçirildiyini bildirib. Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”- fikirlərini xatırladan  icra başçısı qeyd edib ki, müstəqil Azərbaycanda uşaqlara diqqət və qayğının dövlət siyasətinin prioritet istiqaməti kimi formalaşması Ümummili Lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Taleh Qaraşov bildirib ki, dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Onun sözlərinə görə, ölkəmizdə uşaqların maraq və mənafelərinin qorunmasına, onlara diqqət və qayğının göstərilməsinə hər zaman həssas yanaşılıb və Ulu Öndərin başlatdığı “uşaq siyasəti” bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ölkəmizdə təhsil sahəsində görülən işlər barədə məlumat verib, dövlətin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğıdan danışıb, əsaslı təmir edilən Lənkəran şəhər 3 və 7 saylı körpələr evi-uşaq bağçalarında aparılan işlərin də məhz bu qayğı və diqqətin təzahürü olduğunu vurğulayıb. 

Daha sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, Lənkəran şəhər 3 saylı uşaq körpələr evi-uşaq bağçası 90, 7 saylı körpələr evi-uşaq bağçası 225 yerlikdir. Təhlükəsizlik məqsədilə müşahidə kameraları  qurulub.  Bağça azyaşlı sakinlərin zövqünə uyğun dizayn edilib, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana əsaslı təmir edilib, balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb. 

Hər iki bağça ilə tanışlıqdan sonra balaca fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər. 

Избранный
0
50
unikal.az

10Источники