Kredit borcları bağışlana bilərmi? – Ekspertlər yanlış formalaşmış düşüncələrdən danışdı. Son illər cəmiyyət arasında kredit borclarının bağışlanacağı ilə bağlı vaxtaşırı yayılan xəbərlər müzakirələrə səbəb olur. Xüsusilə aztəminatlı ailələrin borclarının silinməsi məsələsi zaman-zaman gündəmə gəlir. Bəs bu nə dərəcədə realdır?
Mövzu ilə iqtisadçı Akif Nəsirli Referans- a bildirib ki, Azərbaycanda kreditləri dövlət yox, özəl banklar verir. Onun sözlərinə görə, borcun silinməsi ilə bağlı gözləntilər sovet düşüncəsinin qalığıdır. Ölkəmizdə krediti dövlət vermir, özəl banklar verir. Bu o deməkdir ki, bir şəxsdən borc almısınız və onu yalnız o şəxs bağışlaya bilər. Dövlət yalnız o halda müdaxilə edə bilər ki, büdcədən vəsait ayırıb bankların zərərini qarşılasın. Bu da texniki olaraq borcun silinməsi deyil, dövlət tərəfindən ödənilməsi sayılır”.
Akif Nəsirli əlavə edir ki, müəyyən hallarda – məsələn, vəfat etmiş şəxslərin kredit borcları – istisna olmaqla, bankların könüllü şəkildə borc silməsi iqtisadi baxımdan real deyil. Onun fikrincə, borcların silinməsi cəmiyyətdə yanlış tendensiyaya yol aça bilər: “Əgər bu il borclar silinsə, növbəti il kredit alanların sayı artacaq. Hamı eyni ümidlə borca girəcək ki, bir gün dövlət yenə borcunu bağışlayacaq. Bu isə çox təhlükəli tendensiyadır”.
İqtisadçı Emin Qəribli isə bildirib ki, kredit borclarının bağışlanması yalnız xüsusi hallarda tətbiq olunub. Bu, yalnız II Qarabağ müharibəsi zamanı şəhid ailələrinə və qazilərə, həmçinin devalvasiya nəticəsində ziyan çəkənlərə şamil edilib. Digər hallarda isə bu beynəlxalq praktikada da nadir rast gəlinən bir yanaşmadır. İnsanların kredit götürüb sonra bağışlanacağı ümidi ilə hərəkət etməsi doğru deyil”.
Gülgəz Qədirova
Referans