RU

Qlobal Cənub üçün önəmli layihə -Orta Dəhliz

Çinin «Bir kəmər, bir yol» təşəbbüsünə qoşulan Azərbaycan layihənin tərkib hissəsi olan Zəngəzur dəhlizinin bərpası istiqamətində səylərini davam etdirir

Ötən ay ADA Universitetində «Yeni dünya nizamına doğru» mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında regionda və beynəlxalq aləmdə baş verən proseslərlə bağlı fikirlərini açıqlayan, dünyanın siyasi masasında aktuallığını qoruyan məsələlərlə bağlı mesajlarını çatdıran Prezident İlham Əliyev məntiqli təhlilləri ilə liderlik fəlsəfəsinin düsturunu yenilədi. Mərkəzi Asiyada, Yaxın Şərqdə cərəyan edən proseslərə təsir imkanları genişlənən, dünyada mövqeyi möhkəmlənən, siyasi, iqtisadi münasibətlər sistemində Avropanın, Mərkəzi Asiyanın bir hissəsi kimi özünü doğruldan Azərbaycan Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşdur.

Başqa sözlə deyilsə, bir çox ölkələrlə strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayan, önəmli qərarlara imza atan ölkəmiz coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli dövlət kimi özünü təsdiqləyib. Regionla uzunmüddətli əməkdaşlığın qurulmasında Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olması reallığı artıq təsdiqlənib. Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən qüvvələr belə Azərbaycanın Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafi, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələrin möhkəmlənməsində tərəfdaşlıq rolunu etiraf edirlər. «Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük» sözləri ilə ölkələrarası münasibətlərin əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə əlaqələri Cənubi Qafqaz regionu üçün xüsusilə önəmli adlandırır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair imzalanan müqaviləni, Orta Dəhliz layihəsini münasibətlərin güclənməsində başlıca amil hesab edən Prezident İlham Əliyev iqtisadi əlaqələrin xalqlar arasında sülh, mehribanlıq, qardaşlıq münasibətlərinin möhkəmlənməsindəki rolunu yüsək dəyərləndirir. Gürcüstanla Azərbaycanın birgə iştirak etdikləri enerji, nəqliyyat layihələrinin geniş coğrafiya üçün qlobal əhəmiyyəti yüksəksəviyyəli təmaslarda, siyasi dialoqda dəstəklənir. Azərbaycanla dost Gürcüstanı birləşdirən enerji və nəqliyyat layihələrinin Qlobal Cənub üçün də önəmi təsdiqlənir. Reallıq budur ki, Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz, nəqliyyat, kommunikasiya layihələri böyük əhəmiyyət daşımaqla Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmaqla Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycandan və Gürcüstandan keçən Orta Dəhliz layihəsi Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi, hər iki ölkənin ortaq maraqlarının həlli baxımından da önəmlidir. Öz maraqları naminə Cənubi Qafqazı münaqişə, müharibə arenasına çevirmək istəyən qüvvələrə real cavabdır. Strateji əhəmiyyətə malik hər iki ölkə arasındakı qarşılıqlı anlaşmanı, dostluq və tərəfdaşlığı müxtəlif region və qitələr ilə təmas qurmaq baxımından yüksək dəyərləndirən Prezident İlham Əliyev münasibətləri daha geniş coğrafiya üçün önəmini bu sözlərlə ifadə edir: «Hazırda isə biz buraya yaşıl gündəliyi əlavə edirik. Biz artıq buna qısa şəkildə toxunduq. Bu, Azərbaycan və Gürcüstan üçün yaşıl dəhlizdir. Bu, nəqliyyat dəhlizidir, Orta Dəhlizdir – bunlar qaçılmazdır.»

Dövlət başçımız Cənubi Qafqazda sabitliyin pozulmasında maraqlı olan, iki qardaş arasındakı münasibətlərə qısqanclıqla yanaşan, ermənipərəst dairələrə «Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır» mesajını çatdırmaqla əsl həqiqətə kölgə salanların qərəzli münasibətlərini yolverilməz hesab edir: «Səmimi desəm, mən xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccübləndim. O, orada özlərinin Avropanın «qlobal qapısı» adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz.»

Hər iki dost ölkənin dəstəklədiyi, Qlobal Cənub üçün önəmli olan Orta Dəhliz layihəsinin reallaşdırılması ilə bağlı danışıqların davam etdirilməsi dünyanın nəqliyyat xəritəsinin yenilənməsi baxımından vacibdir. Çin xalq Respublikasının təşəbbüsü olan «Bir kəmər, bir yol layihəsi» çərçivəsində elektron ticarət, infrastruktur bağlantıları, malların daşınması ilə bağlı yeni təkliflər irəli sürülür, layihənin tərəfdarları artır. Bəllidir ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan üçün «Bir kəmər, bir yol»” layihəsi yalnız tranzit marşrutu deyil. Azərbaycan üçün bu yol Tarixi İpək Yolunun halqası olan Zəngəzur dəhlizinin bərpasıdır. Orta Dəhlizlə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə fəaliyyət nəticəsində Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım təbii ki, başlanğıç üçün müsbət haldır. Azərbaycan vasitəsilə nəqliyyat marşrutları digər infrastrukturlarla müqayisədə ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrut adlandırılır. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən çox strateji coğrafiyada yerləşməklə Mərkəzi Asiya və Qərbi Çin üçün çox mühüm birləşmə nöqtəsidir. Başlıca şərt isə dəyişilməzdir: Tranzit ölkəyə çevrilmək üçün qonşularla və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. «Kəmər və yol» təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olan Azərbaycan bu layihənin əsas və aparıcı tərəfdaşıdır. Ölkəmiz bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci «Kəmər və yol» Forumundakı çıxışında bu layihəni müxtəlif ölkələr arasında dialoq və əməkdaşlığın möhkəmlənməsi baxımından yüksək dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq əhəmiyyətli bu nəqliyyat kommunikasiya əməkdaşlıq baxımından yeni imkanlar yaradır.

Çinin Sinxua agentliyinə müsahibəsində «Biz «Kəmər və yol» təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir» sözləri ilə görülən işlərə aydınlıq gətirən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin önəmini də diqqətə çatdırıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı «Kəmər və yol» təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.

Bəllidir ki, Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Bu reallığı statistik rəqəmlər də təsdiqləyir. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Orta Dəhlizin reallaşmasının regional əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev qonşu İran amilini də yüksək dəyərləndirir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı hər ki dövlət başçısının mətbuata bəyanatlarında da Orta Dəhliz, layihənin tərkib hissəsi olan Zəngəzurun bərpası ilə bağlı fikirlər də səsləndirildi. Azərbaycanın Şimal-Cənub dəhlizinin tərkib hissəsi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev «Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu layihələrinin hamısı icra edilib. Sadəcə, yükdaşımaların həcminin artacağını nəzərə alaraq, biz hazırda dəmir yolumuzu müasirləşdiririk. Dəmir yolu xətləri mövcuddur, ancaq Cənubdan Şimala və əks istiqamətdə nəql ediləcək yükləri qəbul etmək üçün dəmir yolu genişləndirilməlidir» sözləri ilə bildirib ki, önəmli beynəlxalq layihələrdə iştirak edən Azərbaycanla İran Şimal-Cənub nəqliyyat dəhlizi üzrə də sıx əməkdaşlıq edir. Azərbaycanda dövlət xətti ilə bir çox infrastruktur layihələri həyata keçirilir. Dəmir yolları, avtomobil yolları, kommunikasiya, elektrik xətləri çəkilir. Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihə ilə bağlı danışıqlar qarşılıqlı anlaşma şəraitində davam etdirilir. «Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər» sözləri ilə görülən işlər barədə məlumat verən Prezident İlham Əliyevin vurğuladığı kimi, tikinti gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdırıla bilər. «Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”»nun təsdiqi görüləcək işlərin müəyyənləşdirilməsi və sürətləndirilməsi baxımından da əhəmiyyətlidir.

Bu ilin yanvar ayında nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında «Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”» sözləri ilə Tarixi İpək Yolunun tərkib hissəsi olacaq dəhlizin əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev bu vədini də yerinə yetirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
0
ikisahil.az

1Источники