RU

Hindistan-Pakistan gərginliyi niyə artıb?

Hindistan və Pakistan arasında illərdir davam edən siyasi və hərbi gərginlik son günlərdə yenidən ciddi şəkildə artıb. Hər iki ölkə sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirib, bir-birilərinə qarşı hücumlara başlayıb. Konfliktoloq Elman Vəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu münaqişə Hindistan Böyük Britaniyanın asılılığından çıxdıqdan sonra başlayıb və o vaxtdan bu günə qədər müxtəlif mərhələlərlə davam etməkdədir. Ekspertin sözlərinə görə, əsas münaqişə səbəbi Kəşmir məsələsidir: “Bu problem sərhəd mübahisələri və etnik ziddiyyətlər üzərində qurulub. Son günlərdə isə iki ölkə arasında gərginlik yenidən alovlanıb. Qarşıdurma regional sərhədləri aşaraq qlobal miqyasa çata bilər və bu, böyük bir faciəyə çevrilə bilər. Əslində, bu konflikt beynəlxalq maraq qruplarını da cəlb edir. Bəzi münaqişələr var ki, onların tam şəkildə həlli çətin olur. Lakin müəyyən qədər sakitləşdirilməsi və gərginliyin azaldılması mümkündür”. İki regionun böyük güclərinin qarşı-qarşıya gəldiyini vurğulayan E.Vəliyev qeyd edib ki, nə Hindistan, nə də Pakistan Kəşmiri itirmək istəmir: “Ona görə də referendum keçirilə bilər. Bu isə Pakistana sərf edir, Hindistana yox. Çünki həmin bölgənin əhalisi əsasən müsəlmanlardan ibarət olduğu üçün Pakistan tərəfinə meyllidir. Digər tərəfdən, Hindistan bu bölgəni əldən vermək istəmir. Məsələnin qlobal səviyyəyə çatmaması üçün burada üçüncü tərəfin rolu ola bilər ki, kompromis yolu ilə bir razılaşma əldə olunsun”. Konfliktoloq hesab edir ki, iki ölkə arasındakı mürəkkəb vəziyyət müharibəyə çevrilməyəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
0
50
metbuat.az

10Источники