RU

Hindistan qorxusundan geri çəkildi

Hindistan

Ordusu Çora kompleksi postunda ağ bayraq asdı

Dünən Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. Hindistanın hücumu nəticəsində biri uşaq olmaqla azı 26 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Xarici mətbuatın verdiyi məlumata görə, Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.

Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib ki, Hindistan Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Pakistanda mülki infrastruktura, o cümlədən dörd məscidə zərbələr endirib.

Onun sözlərinə görə, zərbələr Əhmədpur İst və Muridke (Pəncab əyaləti), Müzəffərabad və Kotli (Azad Cammu və Kəşmirin Pakistan ərazisi) şəhərlərindəki məscidlərə endirilib. Daha bir mərmi Sialkot şəhəri yaxınlığındakı kəndə düşüb, lakin partlayış baş verməyib. Əlavə edib ki, Hindistan "Neelum Jhelum" SES-ə zərbə endirərək onu zədələyib.

ANI agentliyi Hindistan Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb ki, Hindistan Pakistanla sərhəddə bütün hava hücumundan müdafiə qüvvələrini səfərbər edib.

“Müdafiə Nazirliyindən bildirilib ki, Hindistanla Pakistan arasında sərhəd boyu hər hansı gözlənilməz vəziyyətə cavab vermək üçün hava hücumundan müdafiə qüvvələrinin bütün bölmələri səfərbər olunub.”, - məlumatda deyilir.

Pakistan Baş naziri Şahbaz Şərif X hesabında yazıb ki, Pakistanın Hindistanın başlatdığı bu müharibəyə cavab vermək hüququ var.

“Bütün ölkə Pakistan Silahlı Qüvvələrinin arxasındadır. Biz heç vaxt düşmənin öz çirkin məqsədlərinə nail olmasına imkan verməyəcəyik”, - Şahbaz Şərif bildirib.

“Reuters”in Pakistan XİN-ə istinadən məlumatına görə, Hindistanın müvəqqəti işlər vəkili Pakistan ərazisindəki çoxsaylı obyektlərə zərbələrin endirilməsi ilə əlaqədar Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Diplomata Pakistan ərazisində və Cammu və Kəşmirdə çoxsaylı obyektlərə Hindistan qoşunlarının zərbələri ilə əlaqədar qəti etiraz bildirilib. Hindistan tərəfindən bu dəhşətli təcavüz aktının Pakistanın suverenliyini açıq şəkildə pozduğu qeyd edilib.

Bu cür hərəkətlər BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına və dövlətlərarası münasibətlərin prinsiplərinə ziddir", - agentlik XİN-in bəyanatına istinadən bildirib.

Bəyanatda qeyd olunub ki, Hindistanın hərəkətləri regional sülh və sabitliyə ciddi təhlükə yaradır. Pakistan Hindistan tərəfinin öz hərəkətlərinin səbəbləri ilə bağlı açıqlamalarını əsassız adlandırıb.

“Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb ki, Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.

Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.

Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.

Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.

Məlumata görə, türkiyəli nazir Hindistanın əsassız hərbi təcavüzünə qarşı Pakistanla həmrəy olduğunu bildirib.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan xarici işlər naziri İshaq Dara zəng edərək Pakistanın suverenliyini pozan və günahsız dinc sakinləri qətlə yetirən Hindistanın əsassız təcavüzünə qarşı Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib. O, regional təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsindən narahatlığını bildirib. Hər iki nazir vəziyyətin inkişafı ilə bağlı sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, - XİN-dən bildiriblər.

ABŞ-nin dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, ABŞ administrasiyası münaqişənin həlli üçün Hindistan və Pakistan rəhbərliyi ilə əlaqə saxlayacaq.

O, Hindistan və Pakistan arasındakı vəziyyəti diqqətlə izlədiyini vurğulayıb.

Dövlət katibinin sözlərinə görə, ABŞ problemin sülh yolu ilə nizamlanması üçün Hindistan və Pakistan rəhbərliyi ilə qarşılıqlı əlaqəni davam etdirəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp da Hindistan və Pakistan arasında yenidən başlayan döyüşlərə münasibət bildirib.

Ağ Ev lideri vəziyyətin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

“Bu, biabırçılıqdır. Biz bunu indicə öyrəndik. Düşünürəm ki, insanlar tarixə nəzər salsaq, nəyinsə baş verəcəyini bilirdilər. Onlar uzun müddətdir ki, münaqişədədirlər. Çox, onilliklər, hətta əsrlərdir. Ümid edirəm ki, bu, tezliklə bitəcək”.

BMT-nin Baş katibi Antonio Quterreş də Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb. Çünki dünya iki ölkə arasında hərbi qarşıdurmaya tab gətirə bilməz.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib Hindistanın sərhəd boyunca apardığı “hərbi əməliyyatlar”dan (hücum – Qeyd)çox narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz”, - bəyanatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib ki, Moskva da Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın kəskinləşməsindən dərin narahatdır.

“Rusiya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırır”, - o bildirib.

Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının (PAAA) prezidenti və Davamlı İnkişaf üçün Kəmər və Yol Təşəbbüsü (BRI-SD) sədrı Qaiser Navab qəzetimizə deyib ki, Hindistanın Muridke, Bahavalpur, Kotli və Müzaffarabad da daxil olmaqla Pakistan ərazisindəki bir neçə mülki bölgəyə qarşı səbəbsiz hərbi təcavüz dalğasını, günahsız insanların, o cümlədən qadınların və uşaqların həlak olmasını və məscidə hücumu beynəlxalq humanitar hüququn və insan haqlarının kobud şəkildə pozulması adlandırıb. "Bu qorxaq hücumlar güc təzahürü deyil — vəhşilik hərəkətləridir" deyib: “Pakistan öz suverenliyini və xalqını beynəlxalq hüquqa uyğun qorumaq hüququnu özündə saxlayır və cəsur Silahlı Qüvvələrimiz cəsarət və dəqiqliklə cavab verdi."

Navabın sözlərinə görə, təcavüzə cavab olaraq Pakistan Hərbi Hava qüvvələri iki Hindistan “Rafale” qırıcısını və bir Sukhoi Su-30 qırıcısını uğurla vurub, bir kəşfiyyat dronunu zərərsizləşdirdi və Hindistan ordusunun sektordakı əsas qərargahını məhv etdi: “Pakistan Hərbi Hava Qüvvələri Hindistan Hərbi Hava Qüvvələrinin iki “Rafale” qırıcısını uğurla ələ keçirərək misilsiz qabiliyyətlərini və cəsarətlərini bir daha sübut etdi. “Rafale” üstünlüyü mifi dağıldı - JF-17 "Tander" səmanın əsl qüruru, Pakistan üstünlüyünün və möhkəmliyinin simvolu oldu! Bütün Pakistan təyyarələri təhlükəsizdir və strateji hərbi obyektlərimiz təhlükəsiz qalır. Pakistan hər hansı bir təcavüz aktına, xüsusən də suveren ərazimizdəki mülki əhaliyə qarşı qorxaq hücumlara qətiyyətlə cavab vermək hüququna malikdir. İndi dünya Pakistan Silahlı Qüvvələrinin gücünün, peşəkarlığının və sarsılmaz ruhunun şahidi olacaq. Torpaqlarımızı misilsiz şücaətlə qoruyan cəsur əsgərlərimizlə birlikdəyik”.

O, Pakistanın cavabının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit edildiyi kimi qanuni özünümüdafiə aktı olduğunu vurğuladı və əlavə təxribatların sarsılmaz qətiyyətlə qarşılanacağını xəbərdar edib. Navab Birləşmiş Millətlər Təşkilatını, İslam əməkdaşlıq Təşkilatını (İƏT), Şanxay əməkdaşlıq Təşkilatını (ŞƏT), Müstəqil Dövlətlər Birliyini və bütövlükdə beynəlxalq birliyi Hindistanın təcavüzünə dərhal və qətiyyətlə cavab verməyə çağırıb. "Mülki əhaliyə və müqəddəs yerlərə qəsdən hücumlar beynəlxalq hüquqa görə ciddi cinayətdir" deyib: "Dünya Hindistan Hökumətini məsuliyyətə cəlb etməli və daha da artımın qarşısını almaq üçün təcili addımlar atmalıdır".

Navab Pakistanın sülhə sadiqliyini və sarsılmaz birliyini və ərazisinin hər qarışını qorumaq istəyini təsdiqləyərək deyib ki, çıxışını tamamlayıb: "Pakistan birdir, təcavüzkara qarşı mübarizəyə hazırdırr. Yaşasın Pakistan".

Cavid

Избранный
0
xalqcebhesi.az

1Источники