Azərbaycan və Çin arasında əşyaların interneti və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir.
Müzakirələr mərkəzin icraçı direktoru Fariz Cəfərovla Ümumdünya Əşyaların İnterneti Konvensiyasının (WIOTC) təsisçisi və sədri Xuming He ilə videokonfrans formatında keçirilmiş görüşdə baş tutub.
Görüşdə aprel ayında Pekində iki qurum arasında imzalanmış Anlaşma Memorandumunda qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi olub.
Tərəflər birgə fəaliyyətin təşkili, Azərbaycandakı maraqlı tərəflərin WIOTC üzvlüyünə dəvət olunması, əşyaların interneti sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində digər əməkdaşlıq imkanlarını müzakirə ediblər.