RU

İranın Pakistan və Hindistanı barışdırmaq cəhdi alınmadı...


Sədrəddin Soltan: "Münaqişə tərəfi olan bir dövlətin iki güclü, nüvə silahına malik ölkələr arasında yaranan münaqişənin aradan qaldırılmasında vasitəçilık etməsi məntiqli görünmür"

İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi Pakistan və Hindistana səfər edib. Davranışlarından hiss edilir ki, İran Hindistan və Pakistan arasında vasitəçilik missiyasını həyata keçirmək fikrindədir. Lakin hərbi əməliyyatların başlanması göstərir ki, İranın bu missiyası uğursuz olub.

Bu iki ölkə arasında münasibətlərin normallaşmasında, barışığın əldə edilməsində və vasitəçilikdə İranın maraqları nədən ibarətdir? Rəsmi Tehran münaqişənin çözülməsi istiqamətində nəsə edə bilərmi?

Baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan bildirdi ki, İran Pakistandan keçməklə, Hindistana qədər neft və qaz kəməri çəkmək iddiasında idi: "Yəni İran karbohidrogen ehtiyatlarını Hindistana çıxarmaq üçün Pakistan ərazisindən yararlanmaq istəyirdi. Eləcə də Tehran hakimiyyəti gələcəkdə Əfqanıstan-İran nəqliyyat dəhlizi layihəsini Pakistan və Hindistan üzərindən reallaşdırmaq istəyirdi.
Digər tərəfdən, İran hesab edir ki, o müsəlman ölkələri arasında aparıcı qüvvələrdən biridir və Hindistanla Pakistan arasında müharibəyə yol verməməlidir.

Eyni zamanda, ənənəvi olaraq, İranın 1979-cu il inqilabından sonra daha geniş əlaqə saxladığı iqtisadi-ticarət əlaqələrində olduğu ölkə Hindistan olub. Eləcə də İranın bir çox dövlət xadimləri Hindistan unverstetlərində təhsil alıblar. Yəni Hindistanla İran arasında təhsil, mədəniyyət, iqtisadi və ticarət əlaqələri var. Bu əvvəllər də olub, indi də mövcuddur. Ona görə də İran hesab edir ki, Pakistanla Hindistan arasında münasibətlərin normallaşdırılmasında söz sahibi ola bilər.

Bu münasibətlə də Abbas Ərakçi Hindistanda və Pakistanda olub, tərəflərin nümayəndələri ilə görüşüb. Amma görüşlərin nəticəsi faydasız olub. Çünki Hindistan nümayəndələri bəyan edib ki, günahkar Pakistan tərəfdir, Pakistan nümayəndələri isə Hindistanı əsassız olaraq onları suçlanaqla münasibətləri gərginləşdirməkdə suçlayıb. Yəni tərəflərin heç biri gərginlik yaradan amillərin formalaşmasında öz məsuliyyətini etiraf etmir. Bu da Ərakçinin vasitəçilik missiyasını uğursüzluğa düçar etdi.

İranın vasitəçilik missiyasının uğursuz olmasının səbəblərindən biri də Tehran hakimiyyətinin nüfuzunun aşağı olmasıdır. Bunu bir göstərici kimi qəbul etmək olar. İstər müsəlman, istərsə də xristian dünyasında istənilən münaqişənin həllində İran gücsüz və təsirsizdir. Elə bir münaqişə yoxdur ki, İran hakimiyyəti onun yatrılmasında, münaqişənin aradan qaldırılmasında hansısa rola malik olsun. Çünki bu həm nüfuz, həm əlaqələr, həm də hakimiyyətin dünyada baş verən münaqişələrdən çəkinməsi, münaqişələrdə iştirak etməkdə maraqlı olmaması məsələsidir. Tehran hakimiyyəti Yaxın Şərq münaqişələrinin iştirakçısıdır, həttə, bu münaqişələrdə tərəflərdən buridir. Münaqişə tərəfi olan bir dövlətin iki güclü, nüvə silahına malik ölkələr arasında yaranan münaqişənin aradan qaldırılmasında vasitəçilık etməsi məntiqli görünmür. Ona görə də İranın sözügedən münaqişənin çözülməsi istiqamətində bundan sonrakı addımları da uğursuz olacaq".

Akif NƏSİRLİ

Избранный
0
baki-xeber.com

1Источники