Azərbaycan Respublikası Hindistan ilə Pakistan arasında gərginliyin daha da artmasından dərin narahatlıq keçirir. Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda Pakistanda mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən hücumlar kəskin şəkildə pislənib. Azərbaycan tərəfi günahsız qurbanların ailələrinə başsağlığı verərək, tərəfləri təmkinli olmağa və münaqişəni sülh və diplomatik yollarla həll etməyə çağırıb.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, baş verən savaşa tərəflər çoxdan hazırlaşırdı:

“Sözügedən savaşın əsası Kəşmir problemiylə qoyulub. İnd çay sisteminin bölünməsiylə bağlı son zamanlar tərəflər arasında problemlər yaşanır. Hindistanda islamafob, qatı milliyətçi Narendra Modi hakimiyyətə gəldikdən sonra faktiki olaraq ölkədəki müsəlmanlara və Pakistana qarşı aqressiv siyasət yürüdür. Eyni zamanda Hindistan iki ölkənin birgə istifadə etdiyi və regionda su təhlükəsizliyini ciddi şəkildə qoruyan İnd çay sisteminin Pakistana düşən qollarında ciddi təxribatlara yol verir. Belə olan halda isə bölgədə gərginlik səngimir. Həmçinin, Hindistanda müsəlmanlara qarşı bir qanun qəbul olunub. Məsələn, müsəlman miqrantlara vətəndaşlıq verilməsinin ili uzadılıb. Hindistanın dünən gecə etdiyi proses nəticəsində Pakistanın strateji bölgələri olan su bəndləri və mədrəsələr hədəf götürülüb. Bu isə Modi hökümətinin əsas niyyətindən xəbər verir. Azərbaycan hər zaman dost Pakistanla həmrəydir. Sözügedən müharibədə haqlı tərəf Pakistandır. Azərbaycan dövləti və xalqı savaşda Pakistanı dəstəkləyir. 44 günlük Vətən savaşında da Pakistan dövlətinin Azərbaycana dəstiyinin şahidi olmuşuq. Müharibə dövründə Azərbaycan və Türkiyə bayraqlarıyla yanaşı xalqımız tərəfindən meydanlara Pakistan bayrağı da asılırdı. Arzu edirik ki, Pakistan haqlı mübarizəsindən qalib çıxacaq. Dünən baş verən hadisələr də üstünlüyün Pakistanda olduğunun sübutudur. Belə gedərsə, Modi höküməti regionda vəziyyəti gərginləşdirmək siyasətindən birdəfəlik əl çəkəcək”.