RU

Kadirov istirahətə ehtiyac duyur: Çeçenistan liderinin varisi kim olunacaq?

Ramzan Kadırovun Çeçenistan rəhbəri postundan getməsi Şimali Qafqazda Rusiya üçün təhlükə yarada bilər.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Analitiklər diqqəti Kadırovun dünən gözlənilmədən istefaya getmək istədiyini bildirdiyi, amma bunun yalnız Rusiya Prezidenti Vladimir Putindən asılı olduğunu etiraf etdiyi son bəyanatına yönəldiblər. Kadırov “komandir” olduğunu və Putinin əmrlərini yerinə yetirdiyini vurğulayaraq, Rusiya lideri qərar verərsə, vəzifəsində qalacağını da deyib.
“Kadırov Şimali Qafqazda millətlərarası gərginliyin sabitləşməsinə kömək edib və onun uyğun varis olmadan vəzifədən getməsi Putin administrasiyasının sabitliyinə təhlükə yarada bilər. Hazırda bu tələbin nə dərəcədə ciddi olduğu bəlli deyil. Çünki Kadırov 2016-cı ildən vaxtaşırı Çeçenistan Respublikasının başçısı vəzifəsindən istefa vermək arzusunu ifadə edib”, - ISW vurğulayır.
İnstitut həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətindəki (FTX) mənbəyə istinadla qeyd edir ki, Kadırovun Putinlə münasibətləri son aylarda pisləşib, Rusiya prezidenti onun Yaxın Şərq ölkələri ilə tez-tez və razılaşdırılmamış danışıqlarından narazıdır.
“Kadırov 2000-ci illərin əvvəllərindən bəri gərgin anlarda, xüsusən də Putin hakimiyyətinin sabitliyinə təhlükə yarada bilən Çeçenistan və Şimali Qafqazın digər bölgələrində stabilizator rolunu oynayıb. O, Putin üçün layiqli varisdir”, - mənbə əlavə edir.
ISW bildirir ki, Kadırovun istefası və ya ölümü halında onun yerinə kimin keçə biləcəyi qeyri-müəyyən olaraq qalır.

Politoloq İlyas Hüseynov Sherg.az-a deyib ki, Birinci və İkinci Çeçenistan müharibələrindən sonra ölkə ərazisində sabitliyin təmin olunmasında Kadırovun adı hallanır:

"Buna görə də o, bununla fəxr edir. Həmçinin Çeçenistanın mərkəzi hakimiyyətindəki bütün məsələlərin Putinin bilavasitə nəzarətində olduğu hər kəsə məlumdur. Kadırovun hakimiyyətdən getməsi haqqında əvvəlki dövrlərdə də fikirlər söylənirdi. Görünür ki, Ramzan Kadırov artıq ciddi istirahətə ehtiyac duyur və ya müəyyən səbəblərdən dolayı hakimiyyəti təhvil verməkdə niyyətlidir. Bu xüsusda oğlunun çox azyaşlı olmasına baxmayaraq müxtəlif vəzifələrlə mükafatlandırması onu deməyə əsas verir ki, Kadırov özündən sonra varis hazırlayır. Lakin bu varisə həm qonşu respublikalarda, həm federasiya daxilində, həm də dünyada hansı münasibətin sərgilənəcəyi kifayət qədər suallar yaradır. Çünki yaşı və təcrübəsi azdır".

Politoloq qeyd edib ki, artıq Çeçenistanda hansısa gərginliyin olmasına dair müxtəlif mülahizələr irəli sürülür:
"Bu mənada məhz Çeçen xalqının müdrik yanaşması, eləcə də təhlükəsizlik və sabitlik mövzusunda baxışları önəmlidir. Eləcə də dövlətin daxili işlərinə qarışmaq, bu coğrafiyada müəyyən təxribatlar törətmək niyyətində olan şəxslərin neytrallaşdırılması və güc strukturlarının fəaliyyəti bölgə üçün həlledici məsələlərdəndir".
Избранный
0
sherg.az

1Источники