RU

İslamın modernləşməyə ehtiyacı var? - MÜSAHİBƏ

Dinşünas, ilahiyyatçı Elşad Mirinin SİA-ya müsahibəsini təqdim edirik:

- İslam Azərbaycanda doğru tədris olunur?

- İslam dini sadəcə Azərbaycan İlahiyyat İnstitutunda rəsmi şəkildə tədris olunur. Bir də yenicə fəaliyyətə başlayan Azərbaycan İlahiyyat Kollecində tədris olunur. Tədris vəsaitləri ilə tanış deyiləm. Ancaq müəllimlərini, rektorunu tanıyıram. Orada tədris olunan dərs vəsaitlərini heç cür əldə edə bilmədiyimiz üçün bir söz deyə bilmirəm. Amma təəssüflər olsun ki, oradakı bəzən müəllimlərin, yaxud da, müəyyən internet, teleməkanlardan çıxdıqları zaman dinləyəndə görürəm ki, bu gün onların tədris etdiyi yanaşma indiyə kimi bizə gələn mollalığın bir üst səviyyəsi olaraq təqdim olunur. Bunun da müsbət şəkildə təqdim edildiyini deyə bilmərik. Misal deyim ki, mən də bir video çəkmişdim. Ölüyə Quran oxumaq məsələsi ilə əlaqədar idi. Baxdıq ki, onlar bunun tərəfində olduqlarıni qeyd edirlər, bircə dənə Quran ayəsi gətirmədən, ümumi sözlərlə İslamın buna icazə verdiyini qeyd edirlər. Təbii ki, mən bunun əksi ilə bağlı bir video çəkdim ki, Qurana baxdığımızda belə bir anlayışın olması mümkün deyil. Ona görə də, düşünürəm ki, bu ənənəvi din anlayışından uzaqlaşmaq lazımdır. Azərbaycan burada haranısa təqlid etməyi deyil, özünün dərs vəsaitlərini hazırlayıb o cür təqdim etməlidir. Amma bunun üçün birinci növbədə kadrlar olmalıdır. Təəssüflər olsun ki, bizim ən böyük problemlərimizdən biri kadr çatışmazlığıdır.

- İslamın modernləşməyə ehtiyacı var?

- Qızıl hər zaman qızıldır. Bunun müasirləşməsi, geriyə qalma anlayışı ola bilməz. Bu özü dəyərdir. Sadəcə olaraq İslamla bağlı yanaşmada insanlar bəzən İslam adı altında istifadə olunan anlayışların özü ilə problemlər yaradırlar. Bir var, Allahın göndərdiyi İslam, bir də Allahın göndərmədiyi, insanların Allaha öyrətdiyi İslam var. Birincisində baxırıq ki, İslam çox asandır. İnsanların həyatını problemə çevirmək deyil, əksinə insanların həyatlarında mövcud olan problemləri həll etmək üçündür. Amma digərinə baxırıq ki, heç bir problem yoxkən, oturub dini söhbət etdiyimizdə problem ortaya çıxır, dost kimi yox, düşmən kimi ayrılırıq. Bu, Allahın istədiyi din deyil, Allahın göndərdiyi İslam deyil. İnsanların uydurub adını islam qoyduqları mexanizmdir.

- İddialar var ki, Elşad Miri yeni din yaradır. Bu, doğru yanaşmadır?

- Belə bir şey demək, təbii ki, mümkün deyil. Sadəcə olaraq şəxsə yönəlik iraddır. Mən nə din yaradıram, nə məzhəb, nə də qruplaşma yaradıram. Tam əksinə mən insanları Allahın dini olan İslama səsləyirəm. Öz maarifləndirmə missiyamı davam etdirirəm. Təbii ki, bunu qəbul edən olacaq, etməyən də olacaq. Çünki hər kəsin hər şeyi qəbul etməsi mümkün deyil. Sadəcə olaraq ənənəvi din mənsubları görürlər ki, bu günə qədər onların bildiklərinin əksini deyirsinizsə, onlar deyirlər ki, axı bildikləri İslam bu deyil. Ona görə, onlar düşünürlər ki, bu, yeni dindir. Amma bunu bir az araşdıranda görürük ki, xeyr, bu insan mövcud olan dini anlayışdakı xurafatları kənara ataraq bulağın özünə, əsas mənbəyə çağırır. Ona görə də, bu, yeni din deyil, sadəcə olaraq insanların bilmədən dedikləri ifadələrdir.

- Dəfələrlə Həcc xərcləri ilə bağlı çıxışlar etmisiniz. Bəziləri deyir ki, o pulu verib Həccə getməkdənsə, kasıb-kusuba paylamaq daha savabdır.

- Birinci növbədə biz bilməliyik ki, həcc nədir? Şəxsən mən də həcdə olmuşam. Orada mənə də qəribə gələn bu oldu ki, Kəbəni görməyənləri gözüyumulu gətirirlər ki, Kəbəni ilk dəfə görəndə gözünü açıb dua edirsən, bu zaman etdiyin dualar qəbul olacaq. İkinci məsələ budur ki, baxıram ki, Kəbənin ətrafında təvaf edirsən. Dövr etdim, nə oldu? İbrahim Peyğəmbərin ayağının izi olan yerin şüşələndirilmiş versiyası var, onu öpən kim, yalayan kim. Arxasında dayanıb iki rükət namaz qılırsınız. İnsanlar bir-birini tapdalayır. Qara daş var ki, onu ölməkdən ötrü insanlar bir-birinə zülüm verir. Başqa vaxt qadın və kişinin ayrı olmalı olduğunu deyən insanlar orada bir-birinə yapışır. Orada "Şəfa Mərvə" deyilən yer var, qaçdın gəldin, saçından az kəsdin. Mina deyilən yer var, orada insanları bir dənə çadıra yığırlar, onlarla insan aralarında yarım metr məsafədə dayanırlar. Mən fikirləşirdim ki, bu, Allahın bizdən istədiyi həcc ola bilməz. Həcc sözü əslində müzakirə, mübahisə mənasına gələn termindir. Baxırıq ki, bu, böyük konfrans, beynəlxalq müzakirə yeri olan məsələ insanların üzərindən vəsait toplayaraq göndərilməsi ilə əlaqəli ibadət kimi təqdim edilən bir biznesə çevrilib. Bu gün Azərbaycandan səhv etmirəmsə, 6 min dollara yaxın pul tələb olunur. Orada gedib qalandan sonra da qurban kəsməyiniz, digər yeməkləriniz daxil deyil. Təkcə səhər yeməyi verirlər. Baxıram ki, bunların heç biri İslamla əlaqəli məsələ deyil. İnsanlar turist kimi hara istəyirsə, gedə bilər. Qurani-Kərimdə Həcc surəsində Allah İbrahim Peyğəmbərə buyurur ki, insanları dəvət et. Hər insanı demir. Yəni Azərbaycan hakimiyyətini, iqtidarını təmsil edəcək şəxsin getməsini nəzərdə tutur. Həmin insanlar getdiyi zaman orada mövcud olan problemlərin həlli ilə bağlı məsələləri müzakirə edəcək. Yoxsa oraya gedənlərə tərcümə çıxardırlar ki, gücündədir. Güvəndə deyil axı. İnsanlar ölürlər. Bir dəfə kran düşür, bir dəfə izdiham zamanı, bir dəfə də avtobus qəzasında dünyalarını dəyişirlər. Adını da alın yazısı qoyurlar. Belə bir sistemin qurulması, şeytan daşlama deyilən anlayış var. Baxırıq ki, bunların heç biri Quranda yoxdur. İnsanlara təqdim edilən din anlayışının İslama aidiyyəti yoxdur. Ona görə də, deyirəm ki, kim nə edir etsin, sadəcə bunu din adı altında paylaşmayın. Allahın adından bunu etməyin. Allahın adından etdiyin zaman Allaha böhtan atmış olursan. Buna da qarşı çıxanları başa düşürəm. Çünki adamların biznesi burdandır.

- Bəzi insanlar Kərbəla hadisəsini Həccdən üstün tuturlar. Sizin münasibətiniz necədir? Sizcə, Kərbəla faktı faciədir, yoxsa, sadəcə tarixi hadisə?

- Tarixi hadisə də faciə ola bilər. Kərbəla ilə Həccin müqayisəsi doğru deyil. Həcc tamamilə Qurani-Kərimə istinad edilən hadisədir. Kərbəla isə müsəlmanların tarixində baş vermiş hadisədir. İslamla müsəlmanları ayırmağı bacarmaq lazımdır. Ona görə də, Kərbəla məsələsi fərqlidir, Həcc fərqlidir. İbrahim Peyğəmbərdən etibarən mövcud olan bir yanaşmadır. İbrahim Peyğəmbər oğlu ilə həmin məkanın bünövrəsinin üzərində insanların toplanma yerini o cür inşa etdilər.

- İnsanlar ürəyindəki bir ümiddən yapışıb pirlərə, ziyarətgahlara gedir. İslamın bu əmələ münasibəti necədir?

- İslamın yeganə mənbəyi Qurandır. Quranda belə bir şey var? Allah belə şey tələb edirmi? Yaxud da, peyğəmbərlərin Quranda çəkilən hekayələrinə baxdığımız zaman belə bir anlayışla qarşılaşmırıq. Qarşılaşmırıqsa, mövcud olan mənbələrə istinad etsək, rəvayətlərə baxsaq, peyğəmbər özündən əvvəlki peyğəmbərlərlə bağlı belə bir buyuruğu var? Təbii ki, yoxdur. Peyğəmbərin özünün sağlığında vəfat etmiş yaxınları ilə bağlı belə bir adət-ənənə, ayin varmı? Yoxdur. O zaman biz bunu haradan çıxardırıq? N.Nərimanovun "Pir" hekayəsi, digərləri gözümüzün qarşısında canlanır ki, bəzən həqiqətən, insanları necə formada aldadırdılar. Bu da mövcud olan inanclar ilə bağlı aldadılma və o insanların aldanmasından ibarət olan dini xurafatdır. Kimsə dəyərli insandırsa, onun üzərinə düşüb nəsə istəmək, orada qurban kəsmək sənin özünü digərlərinə göstərməyindir. Guya, bununla inanc ortaya çıxarmaqdır. Halbuki, özünü göstərmədən oraya xərcləyəcəyin məsələni hansısa tələbəyə yardım etsən, sabah bircə nəfərin pandemiyanın aradan qaldıracaq şəxs kimi yetişməsi bütün insanlığa faydalıdır. Demirəm ki, hər insan belə vətəndaş olacaq. Həmişə biz insanları insanların öyrənməsinə, oxumasına, başqalarını oxutmasına çağırırıq. Mən deyirəm ki, sabah Elşad olsa da, olmasa da, əlimizdəki mövcud kitaba müraciət edərək öz dini anlayışımıza uyğun yaşaya bilək.

Müəllif: Söylü Ağazadə
Избранный
0
sia.az

1Источники