ABŞ-də jüri qərarı ilə İsrailin "NSO Group" şirkəti 2019-cu ildə "WhatsApp" istifadəçilərinə qarşı həyata keçirdiyi casus proqram hücumuna görə 167 milyon 254 min dollar cərimə və 445 min dollar maddi təzminat ödəməli olacaq.
Valyuta.az xəbər verir ki, beş il davam edən məhkəmə işi zamanı məlum olub ki, "NSO Group" "WhatsApp"ın zəng funksiyasındakı boşluqdan istifadə edərək 1400 nəfəri, o cümlədən jurnalistləri və insan haqları müdafiəçilərini izləyib. "Meta"ya məxsus "WhatsApp" bu hücumların qarşısını almaq üçün işçilərin sərf etdiyi vaxta görə təzminat tələb edib.
"WhatsApp"ın sözçüsü Zade Alsavah bu qərarın qanunsuz casus proqramlara qarşı ilk hüquqi qələbə olduğunu bildirib. "NSO Group" isə qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
"Citizen Lab" təşkilatının tədqiqatçısı Con Skott-Reylton isə bildirib ki, bu məhkəmə qərarı "NSO Group"un iş modelinə və gizli fəaliyyətlərinə ciddi zərbə vurub.
Sərvanə Rəmixanova