RU

Kəşmir yenidən alovlanır: ABŞ və Britaniyanın gizli planları – Politoloq

Politoloq Elşən Manafov Tribunainfo.az-a Hindistan və Pakistan arasında alovlanan münaqişəni şərh etdi.

Politoloqun sözlərinə görə, Hindistan və Pakistan arasında hazırda kəskinləşməkdə olan münasibətlərin, prinsip etibarilə bu ölkələr arasında sayca beşinci münaqişə mərhələsinə daxil olması artıq danılmaz bir faktdır.

Bu ölkələr 1947–48, 1965, 1979 və 1998-ci illərdə də qarşılıqlı silahlı toqquşmalar yaşayıblar. Məlum münaqişələrin kökündə tərəflər arasında mübahisəli sərhəd məsələləri, Kəşmir bölgəsinin hansı ölkəyə aid olması ilə bağlı qarşılıqlı iddialar, eləcə də Hind çayının qollarının hansı ölkəyə məxsus olması ilə bağlı fərqli baxışlar dayanır.

Britaniyanın Hindistanda II Dünya müharibəsindən sonra güclənməkdə olan milli azadlıq mübarizəsinin qarşısını ala bilməməsi və ümumilikdə imperializmin müstəmləkə sisteminin SSRİ-dən aldığı ideoloji dəstək nəticəsində çökməsi Hindistan–Pakistan münaqişəsini doğuran geosiyasi amillərdəndir. Digər mühüm səbəb isə ABŞ-ın – Britaniya ilə müqayisədə geniş müstəmləkələrə malik olmayan bir dövlətin – Britaniya imperiyasını parçalamaq istəyi olmuşdur. ABŞ üçün iqtisadi-ticari münasibətlərin genişləndirilməsi naminə metropol ölkələri müstəmləkələrdən məhrum etmək vacib idi.

Bu kontekstdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 1945–1953-cü illərdə direktoru olmuş Allen Dullesin belə bir fikri yaddan çıxmamalıdır: “Dünya müharibəsində ABŞ-ın əsas məqsədi Böyük Britaniyanı məhv etmək idi.” Bu siyasət sonradan “Açıq qapılar” strategiyası adı ilə tanındı və ilk dəfə 1899-cu ildə Çinə münasibətdə elan edilmişdi. O zaman Çin imperialist dövlətlər arasında nüfuz dairələrinə bölünmüşdü və ABŞ bu ölkəyə yalnız açıq bazarlar vasitəsilə daxil ola bilərdi.

II Dünya müharibəsindən sonra müstəmləkə dövlətlərinə münasibətdə ABŞ və SSRİ-nin maraqları təəccüblü şəkildə üst-üstə düşdü. ABŞ, iqtisadi mənfəət qarşılığında, yenicə azadlığa çıxmış ölkələrdə zəif siyasi elitaların hakimiyyətə gətirilməsində maraqlı idi. Belə elitalara oyun şərtlərini qəbul etdirmək, köhnə metropoliyanın elitaları ilə müqayisədə daha asan idi. SSRİ isə bu prosesə ideoloji baxımdan yanaşır və öz modelini xalqlara təqdim etməyə çalışırdı.

Britaniya isə təsir imkanlarını saxlamaq üçün Hindistanı tərk etməmişdən əvvəl ölkəni dini amillərə əsaslanaraq iki hissəyə bölüb. Bununla da “parçala və hökm sür” siyasətinin doğuracağı etno-dini qarşıdurmalardan gələcəkdə istifadə etməyi qarşısına məqsəd qoydu. Artıq 70 ildən çoxdur davam edən Hindistan–Pakistan münaqişəsi göstərir ki, qədim Roma dövründən qalma bu prinsip bu gün də işləkdir və daim siyasi dividentlər vəd edir.

Kəşmir tərəflər arasında ən ziddiyyətli məsələ olaraq qalır. Britaniyanın həyata keçirdiyi bölgüyə əsasən, müsəlman əhalinin üstünlük təşkil etdiyi Kəşmir Pakistanın tərkibinə daxil olmalı idi. Lakin ştatın hakim zümrəsində üstünlük təşkil edən hindular və yerli məharaca buna razı olmadılar. Nəticə etibarilə, bu münaqişə artıq 70 ildən çoxdur səngimək bilmir. Zərurət olduqda isə həm dövlətlərin siyasi elitaları, həm də beynəlxalq güclər tərəfindən onun mexanizmləri yenidən işə salınır.

Hazırda alovlanan münaqişənin bilavasitə səbəbkarı isə ABŞ administrasiyasıdır. Təsadüfi deyil ki, gərginlik ABŞ vitse-prezidenti Vensin Hindistana səfərindən dərhal sonra baş qaldırdı. Atlantik ittifaqının əsas geosiyasi rəqibi olan BRİKS-i daxildən zəiflətmək, Hindistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığının qarşısını almaq, Çin sərhədlərinə yaxın – konkret olaraq Cənub-Şərqi Asiyada – gərginlik əmsalını artırmaq, müsəlman dövləti olan Pakistanı münaqişəyə cəlb etməklə onun hərbi və iqtisadi resurslarını imtahana çəkmək, Qəzza ətrafındakı gərginliklə bağlı İslam dünyasının diqqətini İsraildən yayındırmaq və “sivilizasiyaların toqquşması” illüziyası yaratmaq ABŞ-ın geosiyasi maraqlarına tamamilə uyğundur.

 

Dəniz Pənahova

Избранный
0
tribunainfo.az

1Источники