RU

Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, iclasda Heydər Əliyev və Azərbaycan kimya elminin perspektivləri, Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında 2025-ci il 4 aprel tarixli Sərəncamından, habelə Rəqəmsal İnkişaf Konsepsiyasından, 2025–2028-ci illər üçün süni intellekt Strategiyasından irəli gələn vəzifələrin icrası, “2026-2030-cu illərdə Kimya Elmləri Bölməsi üçün yol xəritəsi”, hesabatlar və digər məsələlərdən danışılıb.

İclasda çıxış edən Kimya Elmləri Bölməsinin sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Elmlər Akademiyasının, bütövlükdə Azərbaycan elminin böyük hamisi idi. Hələ ötən əsrin 70-ci illərində akademiya onun dəstəyilə özünün kadr potensialını yaratmışdı. Müstəqillik illərində Ulu Öndərin söylədiyi “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Onu qoruyub saxlamalıyıq” fikirləri bütövlükdə Azərbaycan elminə, akademiya əməkdaşlarına verilən ən yüksək qiymət idi.

Akademik iclasda Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında 2025-ci il 4 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Müəssisələrin publik hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq.

Dilqəm Tağıyev Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyasının əhəmiyyətindən də danışıb, bu sənədin dövlət qurumlarının rəqəmsal fəaliyyətinin vahid mərkəzdən idarəsinə və sistemləşdirilməsinə təkan verəcəyini söyləyib.

Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt Strategiyasından söz açan akademik bildirib ki, süni intellekt aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət, etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması mümkündür. Süni intellektin imkanlarından istifadə fundamental tədqiqatları daha çevik, geniş mənbələr əsasında sürətli şəkildə həyata keçirməyə imkan verəcək.

Daha sonra akademik AMEA-nın 2025-2030-cu illərdə “İnkişaf strategiyası və yol xəritəsi”, Kimya Elmləri Bölməsinin verdiyi təklifləri və qarşıda duran vəzifələrdən danışıb. Alim bildirib ki, Azərbaycanda kimya elmləri sahəsində dayanıqlı inkişafa nail olmaq üçün neft kimyası və üzvi kimya, kataliz və fiziki kimya, qeyri-üzvi materialşünaslıq, polimerlər kimyası və kimya mühəndisliyi istiqamətlərini elmi tədqiqatlar sırasına aid etmək olar. Konkret olaraq yaxın 5 ildə yaşıl enerji təchizatçısına çevrilmək üçün prioritet istiqamətlər üzrə, o cümlədən hidrogen energetikası, biokütlənin emal problemləri, yaşıl və sirkulyar texnologiyaların yaradılması, zəhərli qazların zərərsizləşdirilməsi və s. istiqamətlərdə tədqiqatlar aparılmalı, yaşıl dünya prinsiplərindən istifadə etməklə perspektiv tədqiqatlara üstünlük verilməlidir.

Sonra akademiklər Vaqif Fərzəliyev, Vaqif Abbasov, Adil Qəribov, AMEA-nın müxbir üzvü İslam Mustafayev və başqaları Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı gördüyü işlərdən danışıblar, eyni zamanda, iclasın gündəliyinə daxil edilən məsələlərə münasibət bildiriblər.

Избранный
0
tehsil.biz

1Источники