RU

"Əgər bu əlamət çatmırsa, deməli, əməldə cinayət tərkibi də olmayacaq"-Şirvan Apellyasiya Məhkəməsi

Şirvan Apellyasiya Məhkəməsində Cinayət Məcəlləsinin 307.3-cü (Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Anar Mövsümoğlu bildirib.

O deyib ki, həmin hökm, CM-nin 307-ci maddəsi ilə verilmiş ittihamlar üçün maraqlı ola bilər.

Məhkəmə hökmünün əsaslandırıcı hissəsi bu formadadır:

"Cinayət hüquq nəzəriyyəsinə görə, CM-in 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə hazırlanan cinayətin vaxtında qarşısını almağa, cinayət törədildikdən sonra isə cinayətkarın yaxalanmasına, ifşa olunmasına və cəmiyyətdən təcrid edilməsinə, habelə pozulmuş hüquqların bərpa olunmasına mane olur.

Qabaqcadan vəd etmədən cinayəti gizlətmə cinayətinin obyekti ədalət mühakiməsi orqanlarının cinayətkarlığın profilaktikası və cinayətlərin açılması üzrə normal fəaliyyətidir.

Bu cinayətin obyektiv cəhəti qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmədə ifadə olunmuşdur. Burada gizlətmə dedikdə, qabaqcadan vəd etmədən cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların təqsirkar tərəfindən gizlədilməsində ifadə olunan hərəkətlər başa düşülür.

Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkarın gizlədilən cinayəti törədən şəxslərə göstərəcəyi «xidmətləri» əvvəlcədən vəd etməmiş olması zəruridir. Əks təqdirdə (vəd verildikdə) təqsirkarın əməli törədilmiş konkret cinayətdə iştirakçılıq kimi tövsif ediləcəkdir.

Təhlil edilən cinayət cinayətkarın özünün, cinayətin izlərinin, cinayətin törədildiyi alət və vasitələrin, eləcə də cinayət nəticəsində əldə edilmiş əşyaların gizlədildiyi andan başa çatmış hesab edilir.

Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən birbaşa qəsdlə edilir. Təqsirkar ağır cinayəti qabaqcadan vəd etmədən gizlətdiyini dərk edir və bunu yəni cinayətin izlərini gizlətməni törətməyi arzu edir. Motiv tamah niyyəti, digər şəxsi maraqlar və s. ola bilər.

Təqsirləndirilən şəxs cinayət alətini götürməkdə məqsədi uşaqların və qonşuların baltanı görməməsi olmuş, cinayətin alətini gizlətməyi arzu etməmiş, belə bir məqsədi olmamışdır. Təqsirləndirilən şəxs baltanı gizlətməkdə məqsədi doğrudan da əmisinin öz arvadını öldürmə cinayətini gizlətmək olsaydı, onda qeyd olunan baltanı qandan təmizləyə və ya tamamilə uzaq bir sahədə gizlədə və ya naməlum istiqamətdə tullaya və ya basdıra bilərdi.

Apellyasiya məhkəməsidə şahid qismində dindirilmiş hadisə yerinə baxışda da iştirak etmiş polis əməkdaşı ifadəsində göstərmişdir ki, verdiyi ifadəyə görə baltanı hadisə baş verən evdən təxminən 5-6 metr aralı məsafədə tapmışdır. Hadisə yerinə gələn zaman cinayətin kim tərəfindən törədildiyi artıq onlara məlum idi.

Belə olan halda, Təqsirləndirilən şəxs cinayətin predmeti olan baltanı gizlətməsi baş vermiş xüsusilə ağır cinayətin açılmasına və bu cinayəti törətmiş şəxsin yaxalanmasına heç bir maneə yarada bilməzdi.

Hazırki iş üzrə sübutlarla əsasən Təqsirləndirilən şəxs cinayət alətini götürməklə gizlətməkdə məqsədi uşaqların və qonşuların baltanı görməməsi olunduğundan onun əməlində Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin tərkib əlamətlərinin mövcud olması, yəni onun qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətməsi müəyyən edilmir.

Məhkəmə kollegiyası bir daha vurğulayır ki, Cinayət Məcəlləsinin 307.3-cü maddəsində təsbit olunmuş qabaqcadan vəd etmədən cinayəti gizlətmə əməlinin ictimai təhlükəliliyi onunla səciyyələnir ki, həmin əməli törədən şəxsin məqsədi törədilmiş cinayətə münasibətdə cinayətin açılmasına, cinayət törətmiş şəxsin yaxalanmasına və ifşa olunmasına maneə yaratmaqdır.

Cinayətin məqsədi cinayətkarın təsəvvüründə yaratdığı sərvətin obrazıdır, mənzərəsidir ki, buna nail olmağa şəxs səy göstərir. Müxtəlif cinayətlərə görə məsuliyyətin həllində cinayətin məqsədinin müxtəlif əhəmiyyəti vardır. Bir halda o, tərkibdə subyektiv cəhəti xarakterizə edən əlamət kimi nəzərdə tutulur, başqa hallarda isə tərkibdən kənarda qalır.

Cinayət qanunvericiliyinin xüsusi hissəsinin maddələrinin dispozisiyasında məqsədin göstərilməsi o deməkdir ki, məqsəd məlum əməlin subyektiv cəhətinin xarakterizə edən tərkib əlamətidir. Əgər bu əlamət çatmırsa, deməli əməldə cinayət tərkibi də olmayacaqdır.

Cinayətin məqsədini zəruri ünsür kimi nəzərdə tutan tərkiblərlə yanaşı, bir sıra tərkiblər də vardır ki, cinayətin məqsədi bunlarda göstərilməsə də ehtiva edilir. Cinayət qanunun bir sıra maddələrində, o cümlədən CM-in 307.3-cü maddəsində məqsəd göstərilməmişdir. Lakin psixoloji baxımdan qəsdən törədilən bütün cinayətlərin məqsədi olduğunu inkar etmək olmaz. Cinayətin məqsədi, onun motivi kimi təqsirkarın cinayət edilməsilə əlaqədar şüurunda gedən prosesi xarakterizə edir. Beləliklə də, cinayətin məqsədi cinayətkarın ictimai təhlükəliliyini göstərən hallardandır.

Yuxarıda qeyd edildiyi kimi, CM-in 307.3-cü maddəsinin dispozisiyasında bu cinayətin məqsədi nəzərdə tutulmamışdır. Lakin bu maddənin CM-in “ədalət mühakiməsi əleyhinə cinayətlər” adlanan 32-ci fəslində yerləşməsi nəzərə alınarsa onda qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə cinayətinin məqsədi - artıq törədilmiş cinayətə münasibətdə cinayətin açılmasına, cinayət törətmiş şəxsin yaxalanmasına və ifşa olunmasına maneə yaratmaqdan ibarət olmalıdır".


Избранный
0
azia.az

1Источники