Amerikanın daha bir F/A-18 Super Hornet döyüş təyyarəsi USS Harry S. Truman nüvə təyyarədaşıyan gəmisindən Qırmızı dənizə düşüb, CNN mənbələrə istinadən xəbər verir.
Bu, bir həftə ərzində F-18 təyyarəsinin təyyarə gəmisindən düşməsi ilə müşaiyət olunan ikinci itkidir. Telekanalın məlumatına görə, təyyarə təyyarədaşıyan gəmiyə enən zaman, ehtimal ki, əyləc sistemində nasazlıq olub. Pilot və silahlara nəzarət zabiti atılıb. Bir mənbə bildirib ki, onlar xilasedici helikopter tərəfindən götürülüb və yüngül xəsarətlər alıblar. CNN-in digər iki mənbəsinə görə, qırıcı təyyarə dənizə düşüb və hələ də tapılmayıb.
Aprelin 28-də də ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti F/A-18 Hornet qırıcısının Qırmızı dənizdə USS Harry Truman təyyarədaşıyan gəmisinin göyərtəsindən düşdüyünü bildirmişdi. Təyyarə batıb, bir dənizçi yüngül xəsarət almışsı. F/A-18-in qiyməti 60 milyon dollardan çoxdur.
//Samir Qurbanov, Editor.az