RU

Baydendən Trampa sərt təpki: Hansı axmaq inanar ki, bu, Putini dayandıracaq?

BAKI, 7 may. TELEQRAF

ABŞ prezidenti Donald Tramp administrasiyasının ərazilərinin bir hissəsini Rusiyaya vermək tələbi ilə Ukraynaya təzyiqi “yeni sakitləşdirmə üsulu”dur.

Teleqraf xəbər verir ki, bunu BBC- yə müsahibəsində ABŞ-nin keçmiş prezidenti Co Bayden deyib.

Müsahibədə Baydenə xatırladılıb ki, o, dəfələrlə ərazi güzəştinin belə Rusiya Prezidenti Vladimir Putini dayandırmayacağını bildirib. ABŞ-nin keçmiş prezidenti bunun əksinə inananları “axmaq” adlandırıb.

Bayden Tramp dövründə ABŞ-Avropa münasibətlərinin pozulmasından narahat olduğunu söyləyib. O hesab edir ki, hazırkı Amerika lideri dünyanın müasir tarixini dəyişdirməyə çalışır.

Co Bayden Trampın Panama kanalını ələ keçirmək, Qrenlandiya və Kanadanın ilhaqı çağırışlarını pisləyib:

“Nə baş verir? (İndiyədək) Hansı prezident belə deyib? Biz belə deyilik. Biz azadlıqdan, demokratiyadan, fürsətdən yanayıq, mənimsəməkdən yox”.

Sabiq prezident Tramp administrasiyasının sülh sazişinə nail olmaq üçün Ukraynanın bəzi ərazilərindən imtina etməli olması barədə bəyanatlarını da şərh edib. Onun sözlərinə görə, bu, Böyük Britaniyanın keçmiş baş naziri Nevil Çemberlenin 1930-cu illərdə Avropada fəlakətli müharibədən qaçmaq üçün uğursuz cəhdlə Adolf Hitleri sakitləşdirməyə çalışmasına bənzəyir.

“Bu, yeni sakitləşdirmə üsuludur”, - Bayden vurğulayıb.

Bundan əlavə, keçmiş prezident Avropanın “Amerika hələ də liderdir” inamını itirə biləcəyindən narahatdır:

“Qitə liderləri özlərinə sual verirlər ki, indi mən nə edim, ABŞ-yə arxalana bilərəmmi?”.

Amerikanın sabiq lideri Trampın Putinlə dialoqa yanaşmasını tənqid edib:

“İnsanların necə düşündüyünü başa düşə bilmirəm ki, əgər biz bir diktatorun, quldurun ona məxsus olmayan böyük torpaq sahələrini ələ keçirəcəyinə qərar verməsinə icazə versək, bu, onu qane edəcək? Anlaya bilmirəm”.

Bayden həmçinin Ukraynanın öz ərazilərinin bir hissəsini verəcəyi təqdirdə Rusiya ilə həmsərhəd olan bəzi NATO ölkələrinin Moskvaya güzəştə getməli olacağından ehtiyat etdiyini deyib.

Избранный
0
teleqraf.com

1Источники