2019-cu ildən etibarən həyata keçirilən beş sosial paket nəticəsində ölkədə sosial rifahın yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu dövr ərzində minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya isə 3 dəfəyə yaxın artıb. Müavinət və təqaüdlərin məbləğində isə ötən ilədək 5 dəfəyə qədər artım müşahidə olunub. Dövlət büdcəsində sosialyönümlü xərclər də əhəmiyyətli dərəcədə artaraq 2019-cu ildəki 7.8 milyard manatdan bu il üçün 16.9 milyard manata çatıb.
Lakin Prezidentin sərəncamı ilə nəzərdə tutulan və Nazirlər Kabinetinə icrası üçün martın 23-dək verilmiş müddət başa çatmasına baxmayaraq, bəzi sosial ödənişlərin – o cümlədən dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən təqaüdlər, hərbi qulluqçuların uşaqları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr, çoxuşaqlı analar, övladlığa götürülən və ya himayədar ailəyə verilən uşaqlarla bağlı müavinətlər üzrə artımlar hələ də həyata keçirilməyib. Bu istiqamətdə təqribən 13 növ təqaüdü əhatə edən ödənişlərin gecikməsi ictimai müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, ötən il büdcə qəbul edilərəkən və sonradan cəmiyyətə mesaj ötürüldü ki, sosial ödnişlər və təqaüdlər artacaq:
"Bu mesaj verildi və büdcədə də bunun üçün 1 milyard manat pul vəsaiti ayrıldı. Amma verilmiş qərar hələ ki gecikir. Bununla bağlı hər hansı açıqlama de verilmir ki, gecikmənin səbəbi bilinsin. Görünən odur ki, hökumət xərcləri artımağa ehtiyat edir. Çünki son aylarda neft və enerji qiymətlərinin aşağı düşməsi dövləti xərcləri artımağa və hətta cəmiyyətə verdiyi vədləri yerinə yetirməkdə tərəddüdə səbəb olur. Amma artımların olacağı açıq şəkildə cəmiyyətə bildirilirdi. Hətta güman edirdik ki, yanvarda artım olacaq. Artıq ikinci rübə keçmişik, amma hələki bir xəbər yoxdur. Artım mütləqdir, sadəcə görünür ki, bu bir qədər çəkəcək.
Aqil Qarayev