RU

Hindistan və Pakistanın “cənnət” uğrunda savaşı: Kəşmir məsələsində kim haqlıdır?

BAKI, 7 may. TELEQRAF

Hindistan və Pakistan arasında illərdir davam edən gərginlik gecə saatlarında baş verən toqquşmalarla pik həddə çatıb. Aprelin 22-dən iki ölkənin qarşılıqlı bəyanatları ilə artan gərginlik, nəhayət, açıq toqquşmaya çevrilib.

Hindistan ordusunun Kəşmirin Pakistanın tərkibində olan hissəsindəki hədəflərə qarşı başlatdığı hərbi əməliyyata qarşı tərəf sərt cavab verib. Pakistan Hindistanın 5 qırıcı təyyarəsini, sərhəddəki briqada qərargahını və digər hərbi obyektlərini məhv edib. Pakistan hücumlar zamanı 26 nəfərin həyatını itirdiyini, 46 nəfərin də yaralandığını açıqlayıb.

Münaqişənin yenidən açıq müstəviyə keçdiyi bu günlərdə iki ölkə arasındakı problemin keçmişinə maraq da artıb. Hindistan və Pakistan arasındakı gərginliyin əsas səbəbi illərdir həllini tapmayan Kəşmir məsələsidir.

“Yer üzündə cənnət” adlandırılan Kəşmir Hindistanın şimalı, Pakistanın şimal-şərqi və Çinin qərbinini əhatə edən dağlıq bölgədir. Bölgənin Hindistanın nəzarətində olan hissəsi Cammu və Kəşmir, Pakistanın tərkibindəki əraziləri Azad Kəşmir və Gilgit-Baltistan, Çinin hakimiyyətində olan qismi də Aksai Çin adlanır.

Kəşmir probleminin yaranması 78 il əvvələ - 1947-ci ilə təsadüf edir.

Hindistan və Pakistan həmin il Britaniyadan müstəqillik əldə edib və o vaxtdan bəri Kəşmirlə bağlı iddiaları ətrafında tez-tez toqquşurlar.

Britaniyanın idarəçiliyindən çıxan Hind yarımadası 1947-ci il avqustun 15-də Hindistan və Pakistan olmaqla iki ayrı dövlətə çevrildi. O zaman əhalisinin əksəriyyəti müsəlman olan bölgələr Pakistanın tərkibinə qatıldı, hindlilərin sıx məskunlaşdığı ərazilər də Hindistana.

Britaniya bölgədən çəkilərkən əhalisinin 90 faizi müsəlman olan Kəşmir Pakistana qoşulmaq istəsə də, bölgənin şahzadəsi Maharaca Hari Sinq Hindistanla birləşməyə qərar verdi. Kəşmirin müsəlman xalqı bu qərara sərt təpki göstərdi. Bu qərar Hindistan və Pakistan arasında illərlə davam edəcək Kəşmir mübahisəsinin əsasını qoydu.

Kəşmir müsəlmanları küçələrə axışaraq Hindistanla birləşməyə qarşı etiraz aksiyaları keçirdilər. Artan reaksiyalar səbəbindən nəzarəti itirən Maharaca üsyanı yatırmaq üçün Hindistandan kömək istədi. Dehli bu çağırışa müsbət cavab verdi və Kəşmirə qoşun yeritdi. Bu hadisələrdən sonra Hindistan və Pakistan arasında ilk müharibə 1947-ci il oktyabrın 22-də başladı. Əslində, bu, uzun illər davam edəcək savaşın başlanğıcı idi. 1965-1999-cu illərdə də eyni səbəbdən iki ölkə arasında döyüşlər baş verib.

Hindistan hərbçiləri və hind radikalları iki ay ərzində bölgədə 300 mindən çox müsəlmanı Pakistana qoşulmaq istəklərinə görə qətlə yetirdilər. Soyqırımı kimi qəbul edilən bu qırğınların məqsədi bölgədəki demoqrafik üstünlüyü hindlilərin xeyrinə dəyişdirmək və referendumla Kəşmirin Hindistanda qalmasını təmin etmək idi.

İki ölkənin 1947-ci ildə bölgəyə qoşun yeridərək ilk dəfə döyüşməsinə səbəb olan bu qırğından sonra BMT-nin vasitəçiliyi ilə 1 yanvar 1949-cu il tarixində imzalanan atəşkəs razılaşması ilə savaş sona çatdı. Razılaşmaya iki ölkə arasında qeyri-bərabər şəkildə bölünən regionun demilitarizasiyası da daxil idi.

BMT 1948-ci ildən bəri qəbul etdiyi qətnamə ilə Kəşmir xalqının hansı ölkəyə sərbəst şəkildə qoşulacağına qərar vermək üçün referendum keçirilməsinə çağırır. Amma Hindistan buna əməl etməkdən boyun qaçıraraq, qoşunlarını Kəşmirdən çıxarmır, əksinə, nəzarət etdiyi əraziləri “Cammu və Kəşmir” adı ilə ilhaq edib.

Pakistan isə Kəşmirə “Azad Kəşmir” və “Gilgit Baltistan” kimi iki muxtar bölgə statusu verib.

Sonrakı illərdə də baş verən toqquşmalardan sonra əldə edilən müvəqqəti atəşkəslə Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qaldı. Bölgənin şərqi - 20 faizlik hissəsi qonşu Çinin nəzarətinə verildi.

Hindistan hökuməti referenduma qarşı mövqe nümayiş etdirərkən, Pakistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini istəyir.

Nəhayət, Hindistan 2019-cu ildə etdiyi konstitusiya dəyişikliyi ilə Cammu və Kəşmirin xüsusi inzibati statusunu ləğv etdi və mərkəzi hökumətin nəzdində “Birlik ərazisi” statusu ilə “Cammu və Kəşmir” və “Ladax” adlı iki ayrı inzibati vahid yaratdı. Bu, o zaman iki ölkə arasında toqquşmaya səbəb olmuşdu.

Pakistan 1989-cu ildə dünya ictimaiyyətinin diqqətini illərdir həllini tapmayan Kəşmir probleminə cəlb etmək üçün fevralın 5-ni “Kəşmir Həmrəyliyi Günü” elan edib.

“Kəşmir Həmrəylik Günü”nün məqsədi Cammu və Kəşmirdə Hindistanın əsarəti altında olan Kəşmir xalqı ilə həmrəylik nümayiş etdirmək, onların öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsini dəstəkləmək və bölgədəki qarşıdurmalarda həyatını itirən müqavimət döyüşçüləri və mülki şəxslərin xatirəsini yad etməkdir.

Hindistan və Pakistan arasında bir neçə dəfə sülh danışıqları keçirilib. Məsələn, Lahor (1999) və Aqra sammitləri (2001). Amma bunlar da bölgəyə davamlı sülh gətirmədi. Hər iki ölkənin nüvə silahına malik olması tərəfləri müharibədən çəkindirərkən, məsələ illər keçdikcə sağalmaz qanqrenə çevrilib.

İki ölkə arasındakı problemlər təkcə Kəşmirlə bağlı deyil, digər sərhəd bölgələrində də ara-sıra toqquşmalar baş verir. İki ölkə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı uzun müddətdir mübahisə edir.

Dini və ideoloji fərqlər də Hindistan və Pakistanı üz-üzə qoyan başqa bir faktordur. Hindistan əsasən hinduist, Pakistan isə müsəlman ölkəsidir. Müstəqillikdən sonra Hindistan dini xətt üzrə bölünüb. Bu bölünmə çoxlu qanlı toqquşmalara səbəb olub və iki dövlət arasında dərin inamsızlıq yaradıb.

Bütün bunlar ölkələr arasında silahlanma yarışını gücləndirib və nüvə gərginliyi yaradıb. Hindistan 1974-cü ildə, Pakistan isə 1998-ci ildə nüvə silahına sahib olub. Nüvə silahlanması iki ölkə arasındakı hərbi gərginliyi daha təhlükəli və qlobal səviyyədə narahatedici edir.

Hindistan və Pakistan regionda təsir dairəsi uğrunda da mübarizə aparır.

Избранный
0
50
teleqraf.com

10Источники