Hindistanın istefada olan general-mayoru GD Bakşi ölkəsinin lazım gələrsə, “Türkiyəni cəhənnəmə çevirə biləcək” nüvə və kosmik gücə malik olduğunu iddia edib.
Hafta.az-ın yazdığına görə, o, “New India Junction” üçün Nina Rayla müsahibəsində "Yunanların yanında olmalıyıq" deyib.
Türkiyə ilə bağlı çılğın iddialar irəli sürən Bakşi, "Hindistanın nüvə gücü olduğunu unudursunuz. Hindistan kosmos gücüdür, lazım olsa Türkiyəni cəhənnəmə çevirə bilərik. Türkiyə bir müddətdir ki, pis davranır. Ərdoğan Türkiyənin müxtəlif yerlərindən 3 minə yaxın adamı Kəşmirə göndərmək üçün işə götürüb" iddiasını səsləndirib.
Türkiyəyə qarşı Yunanıstanın yanında olmaları lazım olduğunu deyən Bakşi, "Yunanlarla güclü düşmənçilikləri var, biz də yunanların yanında olmalıyıq" deyib.
İstefada olan general-mayor 2021-ci ilin yanvarında Yunanıstanla Hindistan arasındakı ittifaqın Türkiyə, Çin və Pakistana qarşı dura biləcəyinə inandığını ifadə edib. O, həmçinin bildirib ki, Yunanıstan və Hindistan donanmaları arasında təlimlər dərhal başlamalıdır.
"Yunanıstan və Hindistan əməkdaşlıq etməli, Ankara və İslamabadı dayandırmalıdır. Yunanıstan və Hindistanın mədəniyyət və tarix baxımından çox oxşardır, hər ikisinin qədim zamanlardan bəri sıx əlaqələri var. Ellinizm dövründə Makedoniyalı İskəndər Yunan mədəniyyətini və sivilizasiyasını müasir Hindistana ixrac etdi", - hindli general deyib.
"Hazırda hər iki ölkə eyni ortaq düşmənlərlə üz-üzədir: Türkiyə və Pakistan. Kəşfiyyat və müdafiə sahəsində birgə işləmək lazımdır. Mənim ölkəm Yunanıstana kömək edə biləcək silah sistemləri istehsal edir", - Baxşi əlavə edib.