RU

Görmək...

Hər gün minlərlə görüntü ilə qarşılaşırıq: sosial mediada sürüşdürdüyümüz şəkillər, küçədəki afişalar, reklamlardakı ideal görünüşlü modellər, muzey divarlarına asılmış rəsmlər… Amma biz onlara sadəcə baxırıqmı, yoxsa doğrudan da görürük? John Berger-in “Ways of Seeing” kitabında deyildiyi kimi, “Görmək — inanmaqdan əvvəl gəlir. Lakin görmək də öyrənilmiş bir prosesdir.” Bu fikri oxuyanda anladım ki, gördüyümüz heç bir şey bizə olduğu kimi görünmür. Baxışımızı formalaşdıran o qədər şey var ki: mədəniyyət, ailə, cinsiyyət, sosial status, təhsil, media… Hətta bir tabloya necə baxacağımızı belə bizə öyrədirlər.

Berger-in qadın portretləri ilə bağlı fikirləri məni dərin düşündürdü. Qərb sənətində qadınlar çox zaman “baxılan” obrazdadır. Onlar özləri olmaq üçün yox, baxılmaq üçün yaradılır. Qadınların rəsmlərdəki mövqeyi, duruşu, baxış bucaqları təsadüfi deyil. Onlar baxış obyektinə çevriliblər. “Kişilər baxır, qadınlar isə baxılır” — bu təkcə sənətə yox, gündəlik həyata da aiddir. Biz bu baxışı filmlərdə, seriallarda, hətta sosial mediada da görürük. Bir qadın selfi çəkərkən, bəlkə də təkcə özünü yox, “başqalarının gözündən özünü” çəkir. Bu müasir dövrün cinsiyyətlərarası baxış fərqini də göstərir. Lakin yuxarıdakı bu tezis məndə bir az tərəddüd yaratdı, çünki bu gün yalnız qadınlar deyil, kişilər də baxışların hədəfindədir. Yəni baxış təkcə cinsiyyətə deyil, zamana və məkana görə də dəyişir.  Qadınlar uşaqlıqdan bəri necə göründüklərinə diqqət yetirməyə alışdırılır, çünki onlardan gözlənilən baxılmağa hazır olmaqdır. Müasir dövrdə sosial medianın təsiri ilə bu “hazır olmaq” artıq qadınlarla məhdudlaşmır. Məsələn, bir kişi güzgü qarşısında əzələlərini çəkərkən, bəlkə də sadəcə öz bədəninə baxmır — o, bədənini cəmiyyətin “ideal kişi” obrazına uyğunluq prizmasında qiymətləndirir. Sosial mediada paylaşılan “fit” bədənlər artıq sadəcə sağlamlıq deyil, status simvoluna çevrilib. Bu baxımdan “kişilər baxır, qadınlar baxılır” ideyası bir qədər dar çərçivədə görünür. Öz baxışımızdan çox, necə göründüyümüzlə maraqlanmağa başlamışıq. Digər bir maraqlı məqam isə sənətin kontekstdən çıxarılaraq təqdim edilməsidir. Əvvəllər dini məbədlərdə və ya xüsusi saray otaqlarında baxılan əsərlər indi kitab səhifələrində, ekranlarda, reklamlarda qarşımıza çıxır. Belə olduqda bir sənət əsəri artıq təkcə “sənət” olmur, o, istifadə edilən, manipulyasiya edilən, yenidən çərçivələnən bir vasitəyə çevrilir. Bu dəyişiklik əsərin ruhuna və mesajına da təsir edir. Sənət əsərinin orijinallığı yalnız onun fiziki varlığında deyil, eyni zamanda baxıldığı zaman və məkanla bağlıdır. Bir tabloya muzeydə baxmaqla onu Instaqram-da görmək arasında fərq var. Məsələn, bir qadın portretinə baxanda, deyək ki, Titianın ya da Velázquez-in məşhur qadın obrazlarına — onu sənət adı ilə ucaldırıq. Amma eyni poza bu gün bir qadın tərəfindən sosial mediada paylaşılarsa, bəzən qınaqla qarşılanır. Niyə eyni vizual təsvir biri üçün “sənət”, digəri üçün “tənqid” obyektidir? Baxışın kimə aid olduğu, kontekstin harada qurulduğu bu qədərmi təsirlidir? Bəs biz sənət əsərinə baxarkən nə hiss edirik? Onun rənglərinə, kompozisiyasına, estetikasına reaksiya veririk, yoxsa müəllifin adını bildiyimiz üçün ona heyran qalırıq? Yaxud bizə bu əsərin “böyük sənət” olduğu öyrədildiyi üçünmü onu bəyənməli olduğumuzu düşünürük? “Mona Liza” tablosuna baxanda onun baxışında keçmişəmi bağlanırıq, ilahi bir sakitliyimi axtarırıq, yoxsa sadəcə, məşhur olduğu üçünmü möhtəşəm olduğunu düşünürük?

Sənət əsərinin dəyəri bəzən onun sənət olmasından çox, ona yüklənən mədəni simvollarla ölçülür. Belə olduqda əsərin real təsiri yox, ictimai statusu önə çıxır. Bu da bir daha göstərir ki, görmək həqiqətən də sadə, obyektiv bir akt deyil, o, öyrədilən və yönləndirilən bir prosesdir. Bütün bu suallar məni düşündürməyə başladı. Görmək yalnız baxmaq deyil. Baxmaq anlıqdır, görmək isə düşüncə tələb edir. Əsərlərə, portretlərə, afişalara, hətta gündəlik paylaşdığımız şəkillərə, keçmiş tarixə baxarkən bu sualı verməyə başlamışam: Mən nəyə baxıram və niyə belə görürəm?

Bu gün “görmək” artıq obyektiv deyil, siyasi və ideoloji bir fəaliyyətdir. Kim necə göstərilirsə, biz də onu elə görürük. Lakin bəzən bu çərçivədən çıxıb baxılan obyektə çevrilənlərin yerinə özümüzü qoyduqda, yalnız o zaman həqiqətən görməyə başlayırıq. Həqiqi görmək gördüyümüzü və başqalarının bizə necə göstərdiyini sual etməkdən keçir. Keçmişə baxarkən yalnız sənət əsərinin estetikasına və ya məşhurluğuna deyil, həm də onun niyə bu cür təqdim edildiyini soruşmalıyıq. Bizə nə öyrədilib? Həqiqətən bu əsərin dəyəri nədir? Niyə bu portretə, bu sənət əsərinə bu qədər diqqət yetiririk? Əgər bu günə lazım olan aydınlıqla baxa bilsək, keçmişə dair verilməli olan sualları da soruşa bilərik.

Nəzakət Nəsibli ,
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisasının 2-ci kurs tələbəsi

Избранный
0
ikisahil.az

1Источники