RU

Aktauda “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda konfrans keçirilib

Bakı, 6 may, AZƏRTAC

Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazaxıstanın Aktau şəhərindəki Yessenov Universitetində “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Aktaudakı Baş Konsulluğu, “Azərbaycan Mərkəzi” İctimai Fondu və Universitetin Beynəlxalq münasibətlər və turizm kafedrası tərəfindən birgə təşkil olunub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qazaxıstanın və Azərbaycanın görkəmli alimləri, ekspertlər, ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, İran və Türkmənistanın baş konsulları iştirak ediblər.

Çıxış edən Yessenov Universitetinin rektoru Berik Axmetov tolerant və ahəngdar cəmiyyətin formalaşmasında təhsilin rolunu vurğulayıb. O, universitetinin beynəlxalq əməkdaşlığa hər zaman açıq olduğunu və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini söyləyib.

Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxış edərək müasir dünyada ortaq nöqtələr tapmağın və qarşılıqlı anlaşma körpüləri qurmağın vacibliyini diqqətə çatdırıb.

Sonra Universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri Elmira Jangojayeva və kafedranın professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov məruzələrində konstitusiya hüququnun və mədəniyyətlərarası ünsiyyətin müxtəlif aspektlərinə toxunublar.

“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov isə Konfransın nəticələrinin mədəniyyətlərarası dialoqun inkişafına və ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonda iştirakçılara sertifikatlar, təşkilatçılara isə təşəkkürnamələr təqdim olunub.

Избранный
0
4
azertag.az

5Источники