RU

Kişilərdən ibarət futbol komadasının qadın məşqçisi: “Aslanın erkəyi, dişisi olmaz” - EKSKLÜZİV

Xaçmaz, 6 may, AZƏRTAC

Xaçmazın “Şimal” futbol komandası Azərbaycan 2-ci Liqasında uğurla çıxış edərək, sona 3 tur qalmış bürünc medalları təmin edib. Bununla da klub növbəti mövsümdə 1-ci Liqada iştirak hüququ qazanıb. Yeni liqanın hazırlıqlarına başlayan “Şimal” məşqçilər korpusunu da gücləndirib. Baş məşqçi postuna bir vaxtlar “Bakılı”, “Karvan”, “Xəzər-Lənkəran”, “Qarabağ” klublarında oynayan, həmçinin Azərbaycan milli komandasının heyətində çıxış etmiş Zaur Ramazanov təyin edilib. Digər diqqətçəkən təyinat isə əsas komandanın qapıçılarla işləyən məşqçisi ilə bağlıdır. Belə ki, Azərbaycanda ilk dəfə kişilərdən ibarət futbol komadasına qadın məşqçi təyinatı reallaşıb. “Şimal” komandasında bu vəzifə 28 yaşlı gənc mütəxəssis Zülfiyyə Bayramovaya həvalə olunub.

Zülfiyyə Bayramova “Şimal” komadasına məşqçi kimi təyinatı ilə bağlı AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 2018-ci ildən “C” kateqoriya məşqçilik serifikatına sahibdir. O, AFFA tərəfindən keçirilən məşqçilik təlimlərinə qatılaraq, bu kateqoriyanı əldə edib.

“On üç ildən çoxdur müxtəlif komadaların heyətində futbol oynayıram. Qapıçı mövqeyində çıxış edirəm. Bununla yanaşı məşqçilik kurslarını da bitirmişəm. Bundan əvvəl uşaq komandalarında məşqçilik təcrübəm var. Doğma rayonumzu təmsil edən “Şimal” futbol klubundan əsas komadanın qapıçılarla işləyən məşqçisi olmaq təklifi gəldi. Bu komanda mənə yad deyil. Klubun məşqçilər heyətində mənim futbolçu kimi yetişməyimdə zəhməti olan Fazil Salahov da var. Kluba keçməyimdə onun böyük rolu oldu. Klubla 2025-2026-cı il mövsümünün sonuna kimi müqavilə imzalamışıq. Hazırda “Şimal” 2-ci Liqada son oyunlarını keçirir. Növbəti mövsümdən 1-ci Liqada çıxış edəcəyik. 1-ci Liqaya hazırlıq çərçivəsində komandada aktiv fəaliyyətə başlayacağam. Doğma rayonumuzun komandasına əlimdən gələn köməyi etməyə hazıram”, - deyə Zülfiyyə Bayramova söyləyib.

Zülfiyyə 1997-ci il aprelin 4-də Xaçmazın Arzu kəndində doğulub. Uşaq yaşlarından məhəllədə oğlanlarla futbol oynayıb. 2012-ci ildən Xaçmazda həvəskar səviyyədə klubda çıxış etməyə başlayıb. İstedadlı qolkiper karyerası ərzində “ŞKGB” (Xaçmaz), “Qusar”, “Binə” (Bakı), “Sumqayıt”, “Qəbələ”, “İnter” (Xaçmaz) komandalarının heyətində yer alıb. “Qəbələ” ilə Azərbaycan çempionu və gümüş mükafatçı olub. Ötən ildən “Baku Juniors” qadın futbol komandasının üzvüdür.

Həmsöhbətimiz qadınlardan ibarət Azərbaycan milli komandasının şərəfini də qoruyub. Millidə daha çox ehtiyat qolkiper funksiyasını yerinə yetirən xaçmazlı gənc bir sıra beynəlxaq yarışların da iştirakçısı olub.

“Kişilərdən ibarət komandada işləmək məni qorxutmur. “Aslanın erkəyi, dişisi olmaz” deyiblər. Mən futbolçu karyeramda daim kişi kollektivlərində çalışmışam. Ümidvaram ki, bu təyinat karyeramda yüksəlişə səbəb olacaq”,- deyə Zülfiyyə Babayeva söyləyib.

“Şimal” Futbol Klubunun prezidenti Qılman İbrahimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda komandanın futbolçu və məşqçi heyəti əsasən region gənclərindən təşkil olunub. “Biz 1-ci Liqaya vəsiqəni təmin etmişik. Komandamızın futbolçu, məşqçi, həmçinin inzibati heyətini gücləndirməliyik. Artıq ilkin təyinatlar var. Zülfiyyə Babayeva bölgədə yaşayan azsaylı futbol mütəxəssislərindəndir. Qadınlardan ibarət milli komandamızın şərəfini qoruyub. Fikirləşirəm ki, onun təcrübəsi komandamıza fayda verəcək. Bizim kollektivimizdə çox gözəl ab-hava hökm sürür. Qadın və ya kişi olmasından aslı olamyaraq, hamıya hörmətlə yanaşılır. Əminəm ki, Azərbaycanda ilk olan bu nümunə həm Zülfiyyə xanıma, həm də klubumuza xeyirli olacaq”, - deyə Qılman İbrahimov söyləyib.

Избранный
0
3
azertag.az

4Источники