“Fələstin Dövlətinin Səfirliyi İsrailin Fələstin xalqına qarşı təcavüzünü artırması ilə bağlı xəbərdarlıq edir və təcili beynəlxalq tədbirlər görməyə çağırır”.
Hafta.az-ın yazdığına görə, bu sözlər Fələsitinin Azərbaycandakı səfirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, səfirlik işğal olunmuş Fələstin ərazilərində, xüsusilə Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail işğalının Fələstin xalqına qarşı təhlükəli və davamlı təcavüzündən dərin narahatlığını bildirir və bunu kəskin şəkildə pisləyir.
İordan çayının qərb sahilinin şimalında, xüsusilə də Tulkərm və Nur Şəms qaçqın düşərgələrində İsrail qüvvələri son bir neçə gün ərzində genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib, nəticədə 106 ev və obyekt sökülüb, yüzlərlə vətəndaş isə didərgin düşüb. Bu, həmin düşərgələrin sakinlərinin öz evlərini boşaltmaq və zorla yeni reallıq tətbiq etmək üçün sistemli siyasətin bir hissəsidir. Hesabatlar göstərir ki, İsrail qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, cəmi 24 saat ərzində onlarla evi uçurub, infrastrukturun geniş şəkildə dağılmasına səbəb olub.
“Qəzza zolağında İsrailin hərbi təcavüzü 19 aydan çoxdur ki, davam edir və görünməmiş humanitar fəlakətə səbəb olub. Bu günədək təcavüz 52500-dən çox fələstinlinin şəhid olması və əksəriyyəti qadın və uşaq olan 118 mindən çox insanın yaralanması ilə nəticələnib, minlərlə qurban hələ də dağıntılar altında qalıb. Bu, həmçinin xəstəxanalar, məktəblər və sığınacaqlar da daxil olmaqla infrastrukturun geniş şəkildə məhv edilməsinə və 1,9 milyondan çox insanın məcburi köçkün düşməsinə səbəb olub. Qəzza zolağındakı binaların təqribən 80 faizi zərər görüb və humanitar yardımın daxil olmasının sıx blokadası böhranı daha da dərinləşdirib ki, bu da əksəriyyəti uşaq, xəstə və qocalar olan onlarla insanın aclıqdan ölməsinə səbəb olub”, - səfirliyin bəyanatında deyilir.
Səfirlik qeyd edib ki, işğal edilmiş Qüdsdə hakimiyyətin himayəsi altında və ekstremist köçkün qruplarının iştirakı ilə bu qüvvələr müqəddəs ərazinin məkan və zaman baxımından bölünməsini tətbiq etmək cəhdi ilə Əl-Əqsa məscidinə basqınlarını artırıb. Habelə narahatedici beynəlxalq səssizlik şəraitində qədim şəhərin sakinlərinə qarşı gündəlik hücumlar davam edib.
“Əl-Xəlil şəhərində, Müqəddəs İbrahimi məscidinin ətrafı, Qüdsdə baş verənlərə bənzər yeni yəhudiləşmə reallığını ərazidə yerləşdirməyə çalışaraq, şəhər İsrail ordusunun himayəsi altında hücumlarını gücləndirən məskunlaşanların dəfələrlə qanun pozuntularına şahid olub” deyə bildirən səfirlik onu da qeyd edib ki, bütün bunlar işğal olunmuş Fələstin ərazilərində İsrail hakimiyyəti tərəfindən həyata keçirilən sistematik etnik təmizləmə siyasətinin davamıdır və bu, ədalətli və davamlı sülhə nail olmaq yolunda istənilən şansı sarsıtmaq üçün açıq qətiyyət nümayiş etdirir.
“Davam edən gərginlik fonunda, Fələstin Dövlətinin səfirliyi bütün ölkələri, beynəlxalq qurumları və media orqanlarını öz hüquqi və humanitar məsuliyyətlərini dərk etməyə, İsrailin davam edən təcavüzünü pisləyən aydın və qəti mövqe tutmağa, cinayətlərin və pozuntuların dayandırılmasına çalışmağa, beynəlxalq hüquq pozuntularının qarşısının alınması üçün səy göstərməyə, beynəlxalq hüququn müdafiəsini təmin etməyə, Fələstin xalqı üçün təcili beynəlxalq müdafiənin, beynəlxalq hüququn icrasının təmin etməyə və qanunu pozanların məsuliyyətə cəlb olunması, işğala son qoyulması və beynəlxalq hüquqi qətnamələr əsasında ədalət və sülhün əldə edilməsinə çağırır”, - səfirliyin bəyanatında qeyd olunub.