Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şahmat turniri keçirib.
Turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Nənəcanov Şəfayət və Bakı şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Vəliyev Gündüz çıxış ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.
Çıxışların sonunda iştirakçılara uğurlar arzu edilib. Onu da qeyd etmək lazımdır ki, yarışlar Xəzər Gənclər Evində keçirilmişdir.
Daha sonra YAP Xəzər rayon təşkilatında mükafatlandırma mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanmışdır.Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər.
Qeyd edək ki, turnirdə Xəzər rayonunun ümumtəhsil məktəb şagirdlərindən qız və oğlan təmsilçi olmaqla 20 nümayəndə iştirak edib, öz məharətini və intellektini göstərib. Onlar arasında yarış Olimpiya sistemi üzrə keçirilib.
Gərgin mübarizə şəklində gedən turnirdə qızlar arasında birinci yerin qalibi Abdalova Sara, ikinci yerin sahibi Allahverənli Nəzakət, üçüncü yeri isə Rzayeva Səma tutublar. Oğlanlar arasında isə birinci yerin qalibi Xuduyev Fərid, ikinci yerin sahibi Ağazadə Şükür, üçüncü yeri də Əhmədli Ömər tutublar.
Qaliblərə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının, Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom , medal və hədiyyələri təqdim olunub.