RU

“Şükriyyə nənəmlə Bakıda bir evdə qalırdıq, sonra...”

“Əhməd Cavadın adını daşımaq mənim üçün böyük qürur və eyni zamanda ikiqat məsuliyyətdir. Nəyə görə ikiqat? Ona görə ki, o adı mənə Əhməd Cavadın ömür-gün yoldaşı, ağır, acı tale yaşamış Şükriyyə xanım verib. Mən bu məsuliyyəti hər iki adın qarşısında hiss edirəm. Hər zaman çalışmışam Əhməd Cavadın adını ən yüksək zirvələrdən səsləndirim. Hər bir tədbirdə dövlət himnimiz səslənəndə məni tanıyan adamlar, dostlar, tanışlar diqqətlərini mənə yönəldirlər. O anda hiss edirəm ki, himnimizin sözlərini yazan şəxsiyyətin adını daşıyıram. Bu mənim üçün çox böyük qürurdur. Bu elə hissdir ki, onu sözlə ifadə etmək çətindir”
 
Bunu Moderator.az -a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib. O daha sonra əlavə edib:
 
“Əhməd Cavad ömrünü Azərbaycan xalqına, xalqımızın azadlığına həsr edib. Buna görə özünü qurban da verib. Əhməd Cavad öz ömrünü türk birliyinin güclənməsinə həsr edib. Bu gün Əhməd Cavadın məzarı yoxdur. Cismən yoxdur. Əhməd Cavadın məzarı bütün türk dünyasındadır. Şimali Kipr dövlətindən Çin səddinə qədər Əhməd Cavadın məzarıdır. Bu gün möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuzun azad etdiyi torpaqlarda dövlət himnimiz səslənir. Mən inanıram ki, hər dəfə də himn səslənəndə Əhməd Cavadın ruhu şad olur” deyə o bildirib.
Cavad Axundzadə nənəsindən də danışıb:
 
“Əhməd Cavadın adını daşıyan onun varisidir. Bu adı mənə məhz Şükriyyə xanım verib. Bu ixtiyar məhz onda olub. Bütün uşağlığımı onunla keçirmişəm. Bir müddət Bakıda birlikdə yaşamışıq. Daha sonra Şükriyyə nənəm Şəmkirə köçüb. Amma buna baxmayaraq yay və qış tətillərini onun yanında keçirirdim. 13 il Şükriyyə nənəmin yanında olmuşam. Onunla bağlı çox gözəl xatirələrim var” deyə o bildirib.
Cavad Axundzadə deyir ki, ən böyük arzusu ulu babasının məzarının tapılmasıdır:
 
“Əhməd Cavadla bağlı arzumuz budur ki, öncə onun qalıqları tapılsın, torpağa tapşırılsın. Bundan sonra biz Əhməd Cavadın məzarını ziyarət edə bilərik. İkinci böyük arzularımızdan biri odur ki, Bakı şəhərinin mərkəzində Əhməd Cavadın heykəli ucaldılsın. Bildiyiniz kimi 2022-ci ildə qardaş Türkiyənin paytaxtı Ankarada Əhməd Cavadın heykəli ucaldıldıldı. Məhz əhməd Cavadın 130 illiyi ərəfəsində. İnşallah ki, Bakıda da ucaldılar” deyə Cavad Axundzadə bildirib.
Избранный
0
moderator.az

1Источники