Bu ilin yanvar – mart aylarında İnformasiya – Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) 42 hüquqi və fiziki şəxsin ixrac (idxal) nəzarətində olan 11min 626 ədəd müxtəlif markalı avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı müraciətlərə baxılıb. İKTA-nın məlumatına görə, həmin müraciətlər əsasında 8 min 85 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədinin verilməsi təmin olunub.
Qeyd olunan dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 454 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün 58 müraciət edilib. 353 ədəd avadanlıq üçün edilən 43 müraciətə müsbət cavab verilib. 12 müraciət üzrə 84 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün düzəliş olunaraq yenidən müraciət olunması barədə metodiki yardım göstərilib.
Xatırladaq ki, İKTA 2024-cü ilin mart ayında “Radioelektron vasitələrə verilən icazələr” elektron xidməti istifadəyə verib. Elektron xidmətin tətbiqi müraciətlərin daha sürətli və səmərəli cavablandırılmasını mümkün edib.
Bununla bərabər, 2025-ci ilin yanvar-mart ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq sürətli poçt xidmətinin göstərilməsi üçün 75 müraciət üzrə lisenziyanın alınması məqsədilə təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğunun qiymətləndirilməsi gerçəkləşdirilib. Nəticədə 72 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.