Macarıstan şirkətləri Azərbaycanda əczaçılıq sahəsinə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün yerli istehsalçılarla danışıqlar aparır və dərman preparatlarının keyfiyyəti məsələsində güzəştə yol verilmədiyini bəyan edirlər.
“Report”a açıqlamasında “PannonPharma” MMC-nin baş icraçı direktoru Jozsef Peter Pallos əczaçılıq preparatları, tibbi cihazlar, peyvəndlər, kök hüceyrə müalicəsi, orqan transplantasiyası, tibbi diaqnostika, reproduktiv yardım, qan email kimi yüksək texnologiyalı sahələrində eyni keyfiyyət sistemi çərçivəsində fəaliyyət göstərməli olduğunu bəyan edib:
"Keyfiyyət məsələsində güzəştə yol verilmir, ilk növbədə pasiyentin təhlükəsizliyi önəmlidir. Hökumətin milli tənzimləyici orqanlarının əhalinin təhlükəsizliyi sahəsində böyük məsuliyyəti var və bu qurumlar yüksək səviyyədə kadrlara malik olmalıdır.Bu yaxınlarda regionların birində faciəvi hadisəni – Hindistandan gətirilmiş zəhərli dərman səbəbilə bir neçə uşağın həyatını itirməsini unutmamalıyıq. Bu cür halların qarşısını almaq üçün yalnız nəzarət deyil, həm də tənzimləyici orqanların texnologiya səviyyəsini artırmaq önəmlidir. İnkişaf etmiş heç bir ölkə fövqəladə hallarda dərman təchizat zəncirinin qırılmasına imkan verə bilməz, həyat üçün vacib dərmanları təmin edə bilən milli əczaçılıq sənayesi vacib şərtdir”.
O qeyd edib ki, şirkətin əsas məqsədi yerli tərəfdaşlarla əməkdaşlıq edərək Azərbaycan bazarına daxil olmaqdır.
"Biz əczaçılıq və səhiyyə sənayesində keyfiyyət təminatı və əməliyyat sistemlərinin qurulmasında tərəfdaş ola bilərik. Biz Bakıya bir sıra istiqamətlərdə birgə fəaliyyət təklifi ilə gəlmişik. Sənaye sahəsində istehsal sisteminin inkişafı, akademik sahədə əczaçılıq mütəxəssisləri üçün təhsil aspektləri, bitkilərə əsaslanan dərman kəşfi üçün akademik tədqiqat və inkişafın təşviqi üzrə birgə çalışmaqda maraqlıyıq”.
“Egis Pharmaceuticals” ASC-nin baş kommersiya rəhbəri Csaba Pacz “Report”a açıqlamasında bildirib ki, onlar Azərbaycanda yerli istehsalçılarla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına üstünlük verir, sənayedə davamlı inkişafa təkan verəcək güclü, uzunmüddətli tərəfdaşlıqları təşviq etməyi hədəfləyir:
"Biz Azərbaycanda yüksək keyfiyyətli səhiyyə məsələlərin həll yollarını təqdim etməyə və insanların rifahını yaxşılaşdırmağa sadiqik”.
Müsahib Azərbaycanda əsas diqqəti kardiologiya, mərkəzi sinir sistemi kimi terapevtik sahələrə yönəltdiyiklərini söyləyib:
“Əməkdaşlıq əsasən bu sahələrdə cəmləşəcək. Çünki biz ixtisaslaşmış sahələr vasitəsilə cəmiyyətin unikal səhiyyə ehtiyaclarını qarşılamaqda maraqlıyıq. Ona görə də Azərbaycanda əhalinin sağlamlığı və rifahı üçün dəstəyimizi davam etdirəcəyik”.
Macarıstanın “Gedeon Richter” Açıq Səhmdar Cəmiyyətinin (ASC) regional rəhbəri Andras Orosz isə “Report”a açıqlamasında Bakıda innovativ və generik məhsulların təşviqinə cavabdeh nümayəndəlik ofislərinin olmasından söz açıb:
“Müxtəlif terapevtik sahələrdə geniş məhsul portfelimiz var. Azərbaycan bazarı GENMED (generik məhsullar), qadın sağlamlığı və mərkəzi sinir sistemi sahələrində hədəflərimizə çatmaq üçün olduqca vacibdir”.