RU

Hüquqi maarifləndirmə məktəblərdə: Yeni nəsil hüquqlarını necə öyrənir?

Ekspert: Məktəblərdə “Hüquqi maarifləndirmə və vətəndaş hüquqları” adlı ayrıca bir fənn tədris olunmalıdır

Hüquqi maarifləndirmə cəmiyyətin hüquq anlayışını formalaşdırmaq və insanlara öz hüquqları barədə məlumat vermək məqsədini güdür. Bu xüsusilə məktəb yaşlarında yeni nəsil üçün vacib bir mövzudur. Gənclər yalnız öz hüquqlarını bilmək deyil, həm də bu hüquqları necə qorumağı və tətbiq etməyi öyrənməlidirlər.

Hüquqi maarifləndirmə məktəblərdə təhsil alan gənclər üçün müasir və aktual bir məsələdir. Gənclərin hüquqlarına dair düzgün biliklərə sahib olmaları, onların fərdi azadlıqlarını təmin etmək, sosial ədalətə töhfə vermək və cəmiyyətdə hüquqi dözümlülüyü gücləndirmək baxımından həyati əhəmiyyət kəsb edir.



Yeni nəsil hüquqlarını necə öyrənir?
 

Mövzu ilə bağlı bağlı təhsil eksperti Kamran Əsədov Operativ Media-ya danışıb:
 

"Məktəblərdə hüquqi maarifləndirmə məsələsi getdikcə daha aktuallaşır. Xüsusilə yeni nəsil — Z nəsli və Alfa nəsli — informasiya bolluğunun içində böyüyür, amma bu bolluqda hüquqlarını sistemli, doğru və praktik şəkildə öyrənmək məsələsi hələ də tam təmin olunmayıb. Azərbaycanın təhsil sistemində hüquqi maarifləndirmə qanunvericilikdə nəzərdə tutulsa da, real tətbiqdə çatışmazlıqlar mövcuddur.

Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə görə, hər kəsin təhsil almaq hüququ var və dövlət pulsuz orta təhsil almağı təmin edir. Bundan əlavə "Təhsil haqqında" Qanunun 4-cü maddəsində təhsilin əsas prinsiplərindən biri olaraq şəxsiyyətin vətəndaş və hüquqi cəhətdən yetişdirilməsi göstərilir. Həmçinin "Azərbaycan Gəncliyi 2017–2021-ci illərdə" Dövlət Proqramında gənclərin hüquqi maarifləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Lakin normativ bazadakı bu öhdəliklər real məktəb həyatında sistemli və davamlı hüquqi təhsilin formalaşmasına hələ də imkan verməyib.

Məktəblərdə hüquqi biliklərin öyrədilməsinə əsasən “Həyat bilgisi” fənnində bəzi siniflərdə “Hüquq” paraqraflarına yer verilir. Ancaq bu dərslərin məzmunu çox vaxt sadə informativ bilgilərlə məhdudlaşır: Konstitusiyanın əsas müddəaları, ümumi hüquq və vəzifələr sadalanır. Ən böyük problem isə bu məlumatların şagirdlərin həyatında praktik istifadəyə çevrilməməsidir. Məsələn şagirdlər hüquqi məsuliyyətin yaşa görə dəyişdiyini, ifadə azadlığının qanuni çərçivələrini, şəxsi məlumatların qorunması hüququnu və ya məhkəməyə müraciət prosedurlarını çox vaxt bilmir.

2023-cü ildə Ombudsman Aparatının məlumatına əsasən, məktəblilərin hüquqlarının pozulması ilə bağlı daxil olan şikayətlərin 47%-i şagirdlərin hüquqi maariflənməməsi səbəbindən baş verib. Bu isə hüquqi biliklərin sadəcə nəzəri şəkildə deyil, həyat bacarığı səviyyəsində şagirdlərə aşılanmasının vacibliyini göstərir.

Dünya təcrübəsi isə tamamilə fərqlidir. Məsələn Finlandiyada şagirdlər artıq ibtidai sinifdən etibarən "Vətəndaşlıq təhsili" adlı fənn alırlar və bu dərslərdə hüquq, demokratiya, insan hüquqları, vətəndaş məsuliyyəti və hüquqi müdafiə üsullarını praktiki nümunələr və oyunlar vasitəsilə öyrənirlər. ABŞ-də isə "Civic Education" proqramı çərçivəsində orta məktəb şagirdləri məhkəmə simulyasiyalarında iştirak edir, hüquqi debatlar aparır, yerli idarəetmə orqanlarının fəaliyyətini müşahidə edir və hüquqlarını real situasiyalar üzərindən mənimsəyirlər. Birləşmiş Krallıqda isə "PSHE Education" fənninin bir hissəsi hüquqi savadlılıq mövzularına həsr edilir və şagirdlərə onların fərdi, ailə və ictimai hüquqları geniş şəkildə öyrədilir".

Kamran Əsədov: XXI əsrin hüquqi riskləri haqqında şagirdlərin məlumatı çox azdır

 

"Azərbaycanda bu sahədə bəzi müsbət təşəbbüslər olsa da, onlar sistemli xarakter daşımır. Məsələn Ombudsman Aparatının təşkil etdiyi "Mənim hüquqlarım" adlı maarifləndirmə kampaniyaları, hüquq mühafizə orqanlarının məktəblərdə keçirdiyi mühazirələr və bəzi qeyri-hökumət təşkilatlarının hüquqi maarifləndirmə layihələri mühüm addımlar olsa da, ümumi təhsil strukturu daxilində müntəzəm, məcburi və ölçülə bilən bir hüquqi təhsil mexanizmi formalaşdırılmayıb.

Əgər bu istiqamətdə dəyişikliklər edilməsə yeni nəsil informasiya texnologiyaları ilə tezliklə fərdi hüquq pozuntuları ilə qarşılaşacaq, amma bu hallara hüquqi müdaxilə etmək, özünü qorumaq yollarını tapmaqda çətinlik çəkəcək. Xüsusən də kiber zorakılıq, şəxsi məlumatların sızması, sosial şəbəkələrdə hüquqların pozulması kimi XXI əsrin hüquqi riskləri haqqında şagirdlərin məlumatı çox azdır".

Ekspert: Məktəblərdə “Hüquqi maarifləndirmə və vətəndaş hüquqları” adlı ayrıca bir fənn tədris olunmalıdır

 

"Nə dəyişməlidir sualına cavab olaraq bir neçə vacib istiqamət aydın olur. Birincisi məktəblərdə “Hüquqi maarifləndirmə və vətəndaş hüquqları” adlı ayrıca bir fənn yaradılmalı və bu fənn ibtidai sinifdən başlayaraq sistemli şəkildə tədris olunmalıdır. İkincisi hüquqi təhsil yalnız nəzəri məlumat ötürmək deyil, simulyasiya oyunları, debatlar, real məhkəmə təcrübələri, hüquqi məsələlər üzrə praktiki tapşırıqlar vasitəsilə öyrədilməlidir. Üçüncüsü müəllimlərin özlərinin hüquqi savadlılığı artırılmalı, onların təlim proqramlarına insan hüquqları, uşaqların hüquqları və müasir hüquqi məsələlər daxil edilməlidir. Dördüncüsü texnologiya əsaslı hüquqi maarifləndirmə proqramları (mobil tətbiqlər, interaktiv platformalar) yaradılmalıdır ki, şagirdlər öz yaşlarına və maraqlarına uyğun şəkildə hüquqi biliklərə yiyələnsinlər.

Müqayisəli təhlil göstərir ki, hüquqi biliklərin şagirdlərə uşaq yaşlarından düzgün və praktik şəkildə ötürülməsi uzunmüddətli dövrdə daha demokratik, hüquqa hörmət edən və öz hüquqlarını müdafiə etməyi bacaran bir cəmiyyətin formalaşmasına səbəb olacaq. Əgər hüquqi maarifləndirmə müasir dünya reallıqları nəzərə alınaraq sistemləşdirilməzsə, gələcək nəsil sürətlə dəyişən dünyada hüquqi təhlükələrə qarşı müdafiəsiz qala bilər".


Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Operativ Media-ya bildirilib ki, şagirdlər ibtidai siniflərdən etibarən həyat bilgisi fənnində "hüquq" anlayışı ilə tanış olurlar:

"Bu uşaqlara hüququn əsas prinsiplərini və cəmiyyətin tələblərini başa düşmələrinə kömək edir. Bundan əlavə “hüquqi dövlət” anlayışı tarix fənnində şagirdlərə izah edilir və bu anlayışın tədrisi onların hüquqi düşüncə tərzini formalaşdırır.

Hüququn müxtəlif sahələrdəki təzahürləri isə dil, ədəbiyyat və xarici dil dərslərində mütəmadi olaraq müzakirə edilir. Bu dərslərdə hüquqi mövzularla bağlı mətnlər və illüstrasiyalar üzərində işlər aparılır. Nəticə etibarilə şagirdlər hüquqi məsələlərə dair daha geniş biliklərə malik olurlar.

Həmçinin Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunan hüquqi bilikləri ölçən müsabiqələr, şagirdlərin hüquqi savadını artırmaq məqsədi güdür. Ötən il belə bir müsabiqə Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki məktəblilər arasında təşkil edilib. Bu müsabiqələr vasitəsilə şagirdlər öz hüquqi biliklərini praktiki şəkildə nümayiş etdirərək daha da inkişaf etdirirlər".

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqaməti üzrə hazırlanıb.

Избранный
0
1
operativmedia.az

2Источники