Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 371 kiberhücum indikatoru (IOC) müəyyən edib.
KONKRET.az-ın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
Kibertəhdidlərin 146-sı daxili araşdırma, 225-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə apreldə isə 81 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 29 % çoxdur.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 180,505 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 5 milyon 213 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 55 min 296 zərərverici tərkibli elektron sənəd blok edilib.