RU

İslamabad Bakıya karbon kvotaları bazarına və günəş enerjisinə investisiya yatırmağı təklif edib

Azərbaycan və Pakistan arasında karbon emissiyası kvotaları ticarəti sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə müzakirələr Pakistan iqlim dəyişikliyi məsələləri üzrə federal naziri Musadik Masud Malik və Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla keçirilən görüşdə aparılıb.

Pakistan İqlim Dəyişikliyi məsələləri üzrə Nazirliyinin məlumatında deyilir ki, nazir Azərbaycan səfiri ilə ətraf mühitin qorunması, iqlim dəyişikliyinə davamlılıq və karbon emissiyası kvotaları ticarəti sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirib. Görüş zamanı nazir Pakistanın istifadə olunmamış karbon bazarından istifadə üzrə birgə təşəbbüslər təklif edib. Azərbaycan səfiri bu istiqamətdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyib".

M.Malik Azərbaycana Pakistan karbon bazarında layihələrə investisiya yatırmağı nəzərdən keçirməyi təklif edib və karbon kreditlərinin sonradan beynəlxalq platformalarda satılması imkanını vurğulayıb. Onun fikrincə, bu cür yatırımlar ilkin sərmayəni xeyli üstələyən gəlir gətirə bilər.

Bundan əlavə, nazir Pakistanın günəş enerjisi sahəsində investisiya potensialını qeyd edib və “yaşıl iqtisadiyyat” çərçivəsində birgə müəssisələrin yaradılmasında maraqlı olduğunu bildirib.

O həmçinin qeyd edib ki, Pakistanın “yaşıl sənaye”nin genişləndirilməsinə diqqəti artıb: “Bu da dayanıqlı gələcəyin yaradılmasına yönəlmiş müxtəlif “yaşıl təşəbbüs”lər üçün əlverişli zəmin yaradır”.

"Bu baxımdan nazir Azərbaycanı hər iki ölkənin investorlarına qarşılıqlı fayda gətirə biləcək birgə müəssisələrin yaradılması imkanlarını araşdırmağa dəvət edib", - məlumatda vurğulanıb.

M.Malik bildirib ki, dayanıqlı inkişaf strateji tərəfdaşlıqdan və beynəlxalq əməkdaşlıqdan asılıdır:

"Pakistan özünü “yaşıl sənaye”nin mərkəzi kimi təqdim edir. Ölkə iqtisadi fayda gətirən və ətraf mühitin qorunmasına töhfə verən layihələrin həyata keçirilməsi üzrə beynəlxalq tərəfdaşlıqda maraqlıdır. Bu, Azərbaycan və Pakistan tərəfləri üçün unikal investisiya imkanları açır və əməkdaşlıq üçün qarşılıqlı faydalı əsas yaradır".

Azərbaycan səfiri öz növbəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə hazır olduğunu bildirib və Pakistanın "yaşıl təşəbbüs"lərinin həyata keçirilməsi üçün Azərbaycanın imkanlarını qeyd edib.

Görüşün yekununda tərəflər ekoloji dayanıqlılığa, “yaşıl layihələr”ə investisiyalara və iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqət yetirməklə ikitərəfli münasibətləri inkişaf etdirmək barədə niyyətlərini təsdiqləyiblər.

Избранный
0
1
report.az

2Источники