Təbrizi təmsil edən “Traktor” futbol komandası ilk dəfə İran çempionu oldu. Bu qələbə həm Cənubi Azərbaycanda, həm də ölkəmizdə böyük sevinclə qarşılandı. Lakin klubun qələbəsinin İranın məsələsi olduğunu fikirləşənlər də var.
Məsələn, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa genişhəcmli yazısında qeyd edib ki, bəli, Təbrizi təmsil edən “Traktor” futbol komandası İran çempionu oldu, min dəfə təbriklər: “Orada yaşayan soydaşlarımızın sevincini başa düşürəm. Ana dilində bir məktəbin açılmasına, dünyəvi həyatın bəxş etdiyi azadlıqlara sevinmək imkanı olmayanların futbol üzərindən hisslərini bu cür büruzə vermələri anlaşılandır. Vaxtilə bizdə də totalitar sovet sistemi içində "Neftçi"nin xırda bir bürüncünə, “Ararat” üzərində epizodik qələbələrinə eyni qaydada sevindiyimizdən fərqli bir şey baş verməyib. Ancaq düşündüm ki, İranın türk əsilli prezidentinin Şəhriyardan şeir deməsinə sevindiyimiz dozada sevinməyimiz kifayət edər. Bu günlərdə daha çox Ağdamın “Qarabağ” komandasının Azərbaycan çempionu olmağına sevinirəm. Yenə gedəcək Avropada Azərbaycan adına qürurverici işlər görəcək. “Traktor”un Asiya liqasında İran adına bir uğur qazanmasının mənim dövlətimə nə dəxli?"
Deputatın sözlərinə görə, indi qayğımız odur ki, dövlətimizin təhlükəsizliyini cənubdan gələ biləcək hərbi avantüra və qaçqın dalğasından necə qoruyaq: “Necə edək ki, İranın Ermənistanla birgə keçirdiyi "Fatimeyi-Zəhra" adlı hərbi təlimində açılan atəş bizim Bakının ortasındakı “Fatimeyi-Zəhra” adlanan məscidə xətər yetirməsin? Fars deyib özünüzü aldatmayın, İranda hakimiyyətdə olan həmin təbrizli, ərdəbilli, zəncanlıdır. Hamısı da canı-dildən İranın varlığını qorumaq üçün fanatikcəsinə çalışır".
Fazil Mustafa fikirlərində nə dərəcədə haqlıdır? Bu qələbənin doğrudanmı bizə dəxli yoxdur? Teokratik sistemin əsas dayağının Təbriz olduğunu söyləmək mümkünmü?
Aqil Abbas
F.Mustafanın həmkarı Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında onun sözlərini dəstəklədi: “Fazil bəyin fikirləri çox maraqlıdır. Doğrudan da istərdik ki, cənubda Azərbaycan dilli məktəblər açılsın. Amma bunun da bir zamanı var. İnşallah, açılacaq. Bunun qabağını almaq mümkün deyil. Başqa bir məsələyə də toxunaq. Azərbaycanda minlərlə insan "Barselona"nın qələbəsinə sevinir, yaxud “Real Madrid”in. İngilis klubların da qələbəsinə sevinənlər minlərlədir. “Traktor”un qələbəsinə təbii ki, hamımız sevinirik. Çünki Təbrizin komandasıdır. Azərbaycanı təmsil edir. Stadiona gələn azarkeşlərin oxuduqları mahnıları, xorla səsləndirdikləri şüarları hamımız eşitmişik. Amma hər kəsin bir komandası var. Mənimki “Qarabağ”dır. Məsələn, Ali Dayı İran millisində oynadığı zaman hamımız onun xatirinə İranın tərəfini saxlayırdıq. İranla hazırda mədəni əlaqələrimiz güclənib. Prezidentləri gəldi, burada möhtərəm Prezidentimizlə gözəl söhbətləri oldu, müəyyən müqavilələr imzalandı. Futbol da bir mədəni hadisədir. Məsələn, mən istərdim ki, “Traktor”u dəvət edək, gəlib “Qarabağ”la lap Xankəndidə qarşılaşsın. Olsun Bakı. Əsası gəlsin. Necə ki, vaxtilə Rövnəq Abdullayev İspaniya millisini bura futbol oynamağa gətirmişdi".
A.Abbas qeyd etdi ki, “Traktor”un sevincinə sevinc qatmaq üçün bunu etməliyik: “Məsələn, "Qarabağ" ev oyunlarını Bakıda keçirir. Amma hər dəfə çempion olanda kuboku götürüb Quzanlıya gedir, camaatla bayram edir. “Traktor”u da AFFA və ya İdman Komitəsi dəvət etsin, gəlsinlər, “Qarabağ”la oynasınlar. Onu da qeyd edim ki, Pezeşkian Şimali Azərbaycanda ən çox sevilən cənublu şairin Şəhriyar olduğunu yaxşı bilir. Onun üçün də həm cənubda, həm də şimalda o şeirləri deyir. Necə ki, illər öncə Ərdoğan gəlib burada o şeiri demişdi. Pezeşkian Bakını gəzəndə sanki nəzərdən bir detal qaçdı. Eldar Əzizovla şəhəri gəzəndə təmiz azərbaycanca danışırdı. Orada rəsmi dövlət dili fars dilidir. Amma o, camaatla görüşündə öz dilində danışırdı. Bu da çox maraqlı anlar idi".
Sayman Aruz
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz isə fərqli yanaşdı: “Son yüz ildə Cənubi Azərbaycanda Qacar, yəni Azərbaycan imperiyası dağıdılandan, Pəhləvi-fars rejimi qurulandan sonra azərbaycanlılara qarşı kifayət qədər ağır basqılar oldu, repressiya siyasəti yürüdüldü. Onun məhsulu olaraq, Cənubi Azərbaycanda hətta özüm şahidiyəm ki, məktəbdə Azərbaycan dilində kimsə danışanda cəzalandırıldı.
Mənim özümün barmağımı qapının arasına qoyub sıxdılar. Səbəb də sinifdə türk dilində danışmağım idi. Sıxıntılar kifayət qədər idi və bu gün də davam edir. İranda baş verən molla inqilabı da onu dəyişmədi. Milyonda bir faiz dəyişmələr olsa da, ümumi olaraq, azərbaycanlılara qarşı olan ab-hava dəyişmədi. Ona görə də Cənubi Azərbaycanda Azərbaycan lehinə atılan istənilən addım bizim üçün bir fürsət kimi qiymətləndirilir. Cənublular artıq Pezeşkianın prezident seçilməsini belə özləri üçün bir fürsət kimi görürlər".
S.Aruzun sözlərinə görə, məsələn, “Traktor”un çempion olması birbaşa Pezeşkianın prezident seçilməsi ilə bağlıdır: “Yəni hakimiyyət azərbaycanlıların əlində olanda icraedici sektor müəyyən işlərə təsir edə bilir, yəni icraedici sektorda azərbaycanlılar olanda. Üstəlik, ana dili və digər məsələlərlə bağlı inanıram ki, müəyyən yumşalmalar və addımlar atıla bilər. Ona görə də biz bu məsələyə fürsət kimi baxmalıyıq.
Gözləntim odur ki, dünyada yaşayan azərbaycanlılar, o cümlədən Şimali Azərbaycanda yaşayan, hətta dövlət vəzifəsində olan insanlar da bu məsələyə öz dəstəklərini ifadə etməlidirlər. Ona görə ki, Cənubi Azərbaycanın müraciət edə biləcəyi başqa bir yeri yoxdur. Ya gərək İran daxilində bu cür addımlarla özünü ifadə etsin, yəni prezident seçsin, səs versin, o çərçivədə də öz xeyrinə addımlar atsın, ya da Azərbaycan Respublikasından, xüsusilə dövlət məmurları ona dəstək versinlər.
Açığı, müstəqil Azərbaycandan çox şey gözləyirdim. Çox şey baş verməli idi. Ümid edirəm ki, yaxında da baş verəcək. Məsələn, Milli Məclisdə güneylilərin təmsil olunması, bir sıra qurumlarda cənubla bağlı şöbələrin, sektorların yaradılması çox sevindirici olardı. İndi təbii ki, dövlət ağlı daha dərindir, daha geniş əhatəni görə bilir. Yəqin ki, bununla bağlı da müəyyən fikirlər var".
S.Aruz hesab edir ki, bu məsələlərə millət vəkillərimiz xalqın baxışı ilə baxmalıdırlar: “Mən də razıyam, İran Azərbaycan deməkdir. İran Azərbaycanın qədim və tarixi torpağıdır. Bu, danılmaz faktdır. Amma burada əsas məsələ təfəkkür üzərindədir. Problem oradadır ki, özü türk olan, ailəsində türkcə danışanlar bəzən türkə nifrət edirlər. Bunun da səbəbi o deyil ki, o şəxs bilərəkdən bunu edir. Sadəcə, son yüz ildə aparılan antitürk siyasətin məhsulu olaraq onlar bilmədən özlərinə düşmən kəsiliblər. Bu həm də günahımızdır ki, öz soydaşlarımıza başa sala bilməmişik ki, onların milli kimliyi nədir, nəyə qulluq etməlidirlər, bayraqları nədir, dövlətləri hansıdır, keçmiş və gələcəkləri nədir?”
Onun fikrincə, bu gün Cənubi Azərbaycanın dəstəyə ehtiyacı var: “Pezeşkianı bəzən tənqid edirlər ki, molla hakimiyyətinin adamıdır. Mənim özüm də bəzən tənqid edirəm. Bəli, İranda müəyyən siyasi quruluş var. Pezeşkian da ondan kənara çıxa bilməyəcək. Amma bir azərbaycanlı prezidentdir. Arzulayaq ki, qanunlar çərçivəsində müəyyən işlər görə bilsin. Sadəcə olaraq, onun dəstəyə ehtiyacı var. Cənubi azərbaycanlıların həm də bu istiqamətdə təbliğata ehtiyacı var. Orada yaşayan 50 milyona yaxın soydaşımızın taleyini öz xeyrimizə həll etməliyik”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта