“Birinci Qarabağ mühaibəsində vətəndaşlarımız sadəcə azərbaycanlı olduqları üçün qətlə yetirilib, xalqımıza qarşı amansız soyqırım siyasəti həyata keçirilib”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, bütün faktlar, eləcə də Bakı Hərbi Məhkəməsində təqsirləndirilən ermənilərin etirafları bunu sübut edir:
“Birinci Qarabağ müharibəsində minlərlə vətəndaşımızın məhz azərbaycanlı olduğu üçün qətlə yetirildiyinə, qorxunc işgəncələrə məruz qaldığına, öz ev-eşiyindən digərgin salındığına dair saysız-hesabsız faktlar mövcuddur. Bakı Hərbi Məhkəməsində məhkəməsi keçirilən təqsirləndirilən ermənilərin verdiyi ifadələr də bunu bir daha sübut edir. Bu ifadələrdən də görünür ki, məqsəd torpaqlarımızı işğal etməklə yanaşı, həm də azərbaycanlıların soyqırımını həyata keçirmək, etnik təmizləmə aparmaq olub. Məhz bu siyasət nəticəsində minlərlə mülki azərbaycanlı amansızcasına qətlə yetirilib, qadınlara, uşaqlara, yaşlılara belə mərhəmət edilməyib.
Biz Ermənistan tərəfindən məqsədli və uzunmüddətli şəkildə həyata keçirilən soyqırım siyasətini beynəlxalq müstəvidə ifşa etməli, dünya birliyini, beynəlxalq ictimaiyyəti bu cinayətlərdən xəbərdar etməliyik. Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cəzalandırılması, habelə Azərbaycana təzminatın ödənilməsinin təmin edilməsi də əsas məqsədlərimizdən biri olmalıdır”.
Seymur ƏLİYEV