RU

Olaf Şoltsun Kansler kimi fəaliyyəti başa çatıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Berlin, 6 may, AZƏRTAC

Almaniyanın Federal Kansleri Olaf Şoltsun bu vəzifədə fəaliyyətinin başa çatması ilə əlaqədar Berlində vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bundestaqın sədri Yuliya Klökner, dövlət və hökumət rəsmiləri, parlamentin deputatları iştirak ediblər.

Berlindəki “Bendlerblok” kompleksində təşkil olunan mərasimdə çıxış edən Almaniyanın müdafiə naziri Boris Pistorius Kansler Olaf Şoltsun fəaliyyətinin dünyada və Avropada olduqca çətin dövrə təsadüf etdiyini, lakin onun qətiyyətli və təmkinli liderliyinin həm Almaniya daxilində, həm də beynəlxalq arenada öz təsirini göstərdiyini vurğulayıb. Olaf Şoltsun xidmətlərini yüksək qiymətləndirən nazir onun Almaniyanın təhlükəsizlik və müdafiə siyasətində mühüm dönüş yaratdığını, Ukraynaya ən böyük dəstək verən Avropa dövləti kimi Almaniyanın mövqeyini və Silahlı Qüvvələri gücləndirdiyini, keçirdiyi islahatlarla Almaniyanın modernləşməsinə töhfə verdiyini deyib.

Kansler Olaf Şolts rəsmi vida mərasimində çıxış edərək qarşıdan gələn hökumət dəyişikliyini “demokratik normanın ifadəsi” kimi dəyərləndirib. “Almaniyaya onun Federal Kansleri kimi xidmət etmək həyatımın ən böyük şərəfi idi və bu, belə də da qalacaq”, - deyən Olaf Şolts yeni hökumətin sivil, kollegial və ləyaqətli şəkildə hakimiyyətə keçməsini yüksək qiymətləndirib, gələcək Kansler Fridrix Mertsə uğurlar arzulayıb.

O, vətəndaşların demokratiyaya etimadının əhəmiyyətini qeyd edərək alman xalqının pandemiya, enerji böhranı və Ukrayna müharibəsi kimi çətinliklər zamanı birlik və həmrəylik nümayiş etdirdiyini bildirib. Demokratiyanın əsasının vətəndaşların iştirakı və birliyi olduğunu vurğulayan Olaf Şolts bu dəyərlərin gələcəkdə də qorunmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, Almaniyada hökumət dəyişikliyi rəsmi olaraq mayın 6-da baş tutacaq. Yeni hökumətin formalaşdırılması ilə bağlı koalisiya müqaviləsi Xristian Demokratlar İttifaqı (CDU), Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokrat Partiyasının rəhbərləri tərəfindən mayın 5-də imzalanıb. Mayın 6-da Bundestaqda Kansler seçkisi keçiriləcək. Səsvermədə CDU lideri Fridrix Mertsin Federal Kansler seçilməsi gözlənilir. Bunun üçün parlamentin 630 deputatından 316-sının səsi lazımdır. Koalisiyada yer alan partiyalar parlamentdə 328 deputat mandatına sahibdir. Seçkilərdən sonra Kansler Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən rəsmən bu vəzifəyə təyin ediləcək və parlamentdə and içəcək. Sonra yeni kabinet təsdiqlənəcək və koalisiya hökuməti həmin gün fəaliyyətə başlayacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
0
4
icma.az

8Источники