RU

Qüdrətli Azərbaycanın memarı, öz siyasi zəkası ilə dünyanı heyran edən lider

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

Tarix yalnız hadisələrin bir-birinin izləməsi və təqvimin dəyişməsindən ibarət deyil. Tarix həm də xalqların inkişaf xronologiyasıdır ki, bu da böyük mənada insanlığın inkişafıdır. Bu baxımdan tarixi yönəldən,onun istiqamətini müəyyənləşdirən ən böyük faktor insandır. Amma heç şübhəsiz ki, gəlmiş-getmiş milyardlarla insanın hər biri tarixə yön vermir. Tanrı bu missiyanı özününün seçilmiş bəndələrinə, lider adlandırdığımız əvəzsiz şəxsiyyətlərə verir. Ulu öndər Heydər Əliyev həyat və mübarizəsi ilə tək tarixə möhür vurmaqla yekunlaşmayıb, həm də bütöv bir xalqın taleyini müəyyənləşdirən bir zirvədədir. Bu, elə bir zirvədir ki, Azərbaycan adı var olduqca, Ümummilli lider Heydər Əliyev şəxsiyyəti də yaşayacaq və ucalacaq. Çünki bugünkü qüdrətli Azərbaycanın memarı öz siyasi zəkası və fitri dövlətçilik istedadı ilə dünyanı heyran qoyan dahi rəhbər Heydər Əliyevdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan MR Ali Məclisinin deputatı Xumar Məmmədovanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Sosial narazılıq, qanunların işləməməsi və qanunsuz silahlı birləşmələrin mövcudluğu ölkədə hakimiyyət böhranı ilə nəticələndi. 1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsinin bir addımlığında, milli varlığımız belə sual altında idi. Bütün bunlar azmış kimi, torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunur, proseslər məcrasından çıxırdı. Meydan qəhrəmanlarının uğursuz daxili və xarici siyasəti Azərbaycanı uçuruma yuvarlamışdı. Xalqımız taleyinin ən ağır və mürəkkəb dövrlərindən birini yaşayırdı. Belə ağır bir vəziyyətdə xalqın gözü son ümid kimi Naxçıvana- Ulu öndər Heydər Əliyevə dikilmişdi. Xalq əmin idi ki, qanı, canı hesabına qazandığı müstəqilliyini yenicə bərpa etmiş ölkəni fəlakətdən yalnız Heydər Əliyev xilas edə bilər. Bütün dövrlərdə xalqın dəstəyini hiss edən Heydər Əliyev vətəndaşların təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı və nəticədə qazanan xalqımız, qurtulan Azərbaycan oldu.

Qısa zaman ərzində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz siyasət ölkənin sosial-iqtisadi və mədəni həyatında müsbət mənada hiss olunmağa başlandı.

Respublikada sabitlik bərqərar edildi, milli iqtisadiyyat sistemi quruldu, ordu quruculuğu prosesi sürətləndi, Azərbaycanın dövlət maraqlarına uyğun olaraq xarici siyasət kursu tamamilə dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti və siyasi fenomenliyi ilə sabitlik adası olan Azərbaycanda dünya nəhəng iqtisadi hadisəyə şahid oldu.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənilməsi haqqında tarixi müqavilə imzalandı. Xüsusi beynəlxalq əhəmiyyət daşıyan “Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatına nəfəs verdi, inkişafımızda dönüş yaratdı.

Həmin vaxt Ulu öndər qeyd edirdi ki, “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

“Ümummilli Lider tamamilə haqlı idi, çünki onun gərgin zəhməti ilə həyata keçirilən layihələr, müqavilələr xalqımıza gerçəkdən xoşbəxtlik yaşatdı və onun vətəndaş olaraq hər birimizin üzərində haqqı var. O, bütün fəaliyyətini xalqına həsr etdi, xalqı üçün çalışdı, liderlik nümunəsini dünyaya göstərdi. Görkəmli dövlət xadimi Nikolay Baybakov əbəs yerə “mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram” söyləmirdi. Amma Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını və dövlətini sevməklə kifayətlənmədi: Bəzən dövlət və xalq üçün tək sevgi kifayət etmir, əməli iş də lazımdır. Heydər Əliyevin tariximizə əbədi olaraq həkk etdiyi iz əməli işlə yekunlaşmadı, böyük siyasi xadim dünya tarixinə fövqəlqurtuluş möhürü vurdu. Bu, Azərbaycan xalqının təsdiq, Ulu öndərin Tanrıdan gələn missiya möhürü idi. Bu gün Xankəndidən Bakıya, Şuşadan Kəlbəcərə, bütün ölkəmiz boyunca və ən yüksək beynəlxalq tribunalarda dalğalanan Azərbaycan bayrağının yanında həm də dahi Heydər Əliyevin möhürü var!”, - deyə deputat vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
2
icma.az

3Источники